...

Hamiləlikdə əhval-ruhiyyənin yüksəlməsinə dair məsləhətlər

Cəmiyyət Materials 23 Aprel 2022 11:50 (UTC +04:00)
Hamiləlikdə əhval-ruhiyyənin yüksəlməsinə dair məsləhətlər

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında hamiləlikdə əhval-ruhiyyənin yüksəlməsinə dair məsləhətlərini bölüşüb.

Hamiləlik müddəti bir qadın üçün ən diqqət tələb edən dövrlərdən biridir. Səbirsizliklə körpəni qucağa alacağı günü gözləyirlər. Bu dövrü daha da əyləncəli keçirmək üçün nə etmək olar? Əvvəlki əyləncə vərdişlərinizdən nələri dəyişdirmək lazımdır? Hamiləlikdə, eyni zamanda, əylənərək özünüzə və körpəyə lazım olan qayğını necə göstərmək olar?

Hamilələrə məsləhətlər:

  • Hamiləlik dövrü əslində əyləncəli bir zaman kəsiyidir, mümkünsə, bu günləri hiss edərək yaşamağa çalışın. Gündəlik yazmağa münasibətiniz necədir? Hamiləlik zamanı hər həftə bir foto çəkdirməyi tövsiyə edərdim. Gələcəkdə doğulacaq körpənizlə gündəlikdəki yazıları oxumaq, hamilə ikən çəkdirdiyiniz şəkillərə baxmaq sonradan çox zövqverici olur.
  • Özünüzü əzizləyin. Hamiləlik yoqası ilə məşğul olun, masaj və dəri qulluğu etdirin. Çəkinizə diqqət etmək şərtilə sevdiyiniz qidaları qəbul edin.
  • Özünüz və gələcək körpəniz üçün alış verişə çıxın.
  • Həyat yoldaşınız və ya yaxınınız ilə bərabər əlverişli hava şəraitində 30-40 dəqiqəlik gəzintiyə çıxa bilərsiniz.
  • Əgər ev xanımısınızsa, hobbi kurslarına (yemək, aşçılıq, rəsm, toxuma və s.) yazılın.
  • Həkiminiz uyğun görərsə, qısa müddətli səyahətə çıxa bilərsiniz. Yaddan çıxarmayın ki, uşaq doğulduqdan sonra yoldaşınıza qarşı diqqətiniz azalacaq, bu günlərinizi dəyərləndirin.
  • Artıq çəkili görünmə kompleksi olmadan dənizə, hovuza gedin, üzün.
  • Əgər həkiminiz yataq istirahəti uyğun görübsə, bu vəziyyətdən istifadə edin. Kitab oxuyun, film izləyin. Qoyun, bir az da sizə qulluq etsinlər.
  • Daha əvvəl doğuşu olan, ya da hamilə olan rəfiqələrinizlə tez tez görüşün, duyğu və təcrübələrindən faydalanaraq söhbətlər edin.
  • Qonaqlığa gedincə, spirtli içkidən istifadə etməyin, siqaretsiz və sakit məkanlara üstünlük verin, ağır, yağlı və gecə vaxtı qida qəbulundan imtina edin.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti