...

800-dən çox obyektdə qaz balonlarından istifadə aşkarlanıb - FHN (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Aprel 2022 12:36 (UTC +04:00)
800-dən çox obyektdə qaz balonlarından istifadə aşkarlanıb - FHN (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq ölkə ərazisində əhalinin kütləvi toplaşdığı xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi, çatışmazlıqların aşkarlanması və aradan qaldırılması məqsədilə həmin obyektlərdə gücləndirilmiş nəzarət-yoxlama tədbirləri davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Energetika Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə bütün növ xidmət və ticarət obyektlərində reydlər keçirilir, aşkar edilən yanğın təhlükəsizliyi tələblərinin pozulması halları yerində aradan qaldırılır.

Belə ki, ötən günlər ərzində Bakı şəhəri üzrə reyd keçirilmiş 1870 obyektdən 211-də qaz təsərrüfatına qanunsuz qoşulma, 807 obyektdə isə maye qaz balonlarından istifadə halları aşkar edilib. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttinə qoşulma halları aradan qaldırılıb, qaz sayğacları sökülərək götürülüb. Həmçinin, obyektlərdə aşkar edilmiş maye qaz balonları obyekt nümayəndələrinin iştirakı ilə obyektlərdən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair cavabdeh şəxslərdən iltizam alınıb.

Eyni zamanda, obyekt sahibləri, habelə orada çalışan aidiyyəti işçi heyəti ilə maarifləndirmə işləri aparılaraq norma və qaydalarla obyektlərdə istismarı qadağan olunmuş təbii qaz və ya maye qaz balonlarından istifadənin yolverilməzliyi və bunun insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olduğu izah olunur.

Bununla belə, təəssüflə bildiririk ki, reyd keçirilmiş obyektlərdə bir neçə gün sonra aparılan təkrar yoxlama zamanı bəzi obyektlərdə eyni qanun pozuntusu təkrar aşkar edilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək, obyektlərdə zəruri təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və insan həyatı və sağlamlığını birbaşa təhlükə altında qoyan qanun pozuntularına yol verməməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti