Bakı. Trend:
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.
Nazirlikdən Trend-ə verilən
məlumata görə, avtomobillərin təqdim edilməsi tədbirində əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Vətən
Müharibəsi Qəhrəmanları Qəzənfər Ağayev və Cavid Behbudov, “Qarabağ
qaziləri” İB-nin üzvü Rey Kərimoğlu iştirak ediblər.
A.Kərimov bildirib ki, 1993-cü il iyunun 15-də ümummilli lider
Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə
qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan
xilas oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və
inkişaf yoluna çıxmasını təmin edən Ulu öndərin xüsusi qayğısı
nəticəsində ölkəmizdə sosial sabitlik və inkişaf sahəsində mühüm
addımlar atıldı. Eyni zamanda, şəhid ailələri və müharibə
əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin
avtomobillə təminatına başlandı.
Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin
Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf
etdirilməsi Azərbaycanın sürətli inkişaf yoluna çıxmasını, həmçinin
aparılan sosial siyasətin ildən-ilə güclənməsini təmin edib.
Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
möhtəşəm Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət
başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları
genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunub. Bu sosial
dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət
göstərilib.
Dəstək paketinin mühüm bir istiqaməti kimi, şəhid ailələri və
müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə
genişlənib.
2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzil, ötən dövrdə
ümumilikdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan
olan vətəndaşlara verilib.
Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində
son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili
avtomobillə təmin edilib.
Hazırda Vətən müharibəsi əlillərinə təqdim edilən 50 avtomobil də
daxil olmaqla bu il 100 avtomobil müharibə əlillərinə verilib.
Avtomobillə təmin edilən müharibə əlilləri daim diqqət və qayğı ilə
əhatə olunduqlarına, onlarla bağlı həyata keçirilən sosial dəstək
tədbirlərinə, bu gün avtomobillə təmin olunduqlarına görə Prezident
İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.