Bakı. Trend:
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə veteran jurnalist, “Bakı”-“Baku” qəzetinin baş redaktor müavini Ənvər Məşədiyevin 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Şuradan Trend-ə bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda klassik jurnalistika dəyərlərinin yaşadılmasında müstəsna xidmətləri olan qələm adamları ilə bağlı toplantıların təşkilini ənənəyə çevirib. Belə söz sənəti sahiblərindən biri də 80 illik yubileyini qeyd edən Ənvər Məşədiyevdir. “Ənvər Məşədiyev ömrünü-gününü jurnalistikaya həsr etmiş fədakar həmkarımızdır. O, eyni zamanda fəaliyyəti dövründə yalnız bir mətbuat orqanında çalışması ilə də örnəkdir. 1971-ci ildə jurnalistikadakı əmək fəaliyyətinə “Bakı”-“Baku” qəzetindən başlayıb. Uzun müddət nəşrin məktublar şöbəsinə rəhbərlik edib. Hazırda baş redaktor müavinidir. Ənvər müəllim doğma qəzetinə o qədər sidq ürəklə bağlı olub ki, onun irsini yaşadan kitab da yazıb. “Bakı”, axşamın xeyir” adlı kitab ustad Nəsir İmanquliyev irsinə dərin ehtiramın qədirbilənlik nümunəsi kimi də mətbuat tariximizin öyrənilməsinə layiqli töhfədir”, - deyən Ə.Amaşov vurğulayıb ki, Ə.Məşədiyev ölkə ictimaiyyətinə özünün publisistik yaradıcılığı ilə də tanış simadır, müxtəlif mövzularda kitablar müəllifidir. MŞ sədri çıxışının sonunda yubilyar jurnalistə rəhbərli olduğu qurumun fəxri diplomunu təqdim edib.
Toplantıda Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş
direktor müavini Dağbəyi İsmayılov, “Bakı-Baku” qəzetinin baş
redaktoru Ağahüseyn Hüseynov, filalogiya üzrə fəlsəfə doktoru Şərəf
Cəlilli, tanınmış jurnalist Zemfira Məhərrəmli, yazıçı-publisist
Xeyrəddin Qoca, tanınmış dramaturq və ssenarist Əmir Pəhləvan,
“Xalq qəzeti”nin əməkdaşı İlqar Rüstəmov, tanınmış jurnalist Xanlar
Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı
Süleyman Qaradağlı, veteran jurnalistlər Əlipənah Bayramov, Rauf
Ağayev və Afaq Abdullazadə, həmçinin MŞ-nin Ahıl Jurnalistlər
Məclisinin rəhbəri Tahir Aydınoğlu, “Ülfət” qəzetinin baş redaktoru
Bəyalı Rzayev, Bakı Dövlət Universitetinin professoru Mikayıl
Cəfərov, Azərbaycan Jurnalist Həmrəyliyi İctimai Birliyinin rəhbəri
Mədət Məmmədov və başqaları həmkar, yaxın dost kimi Ə.Məşədiyev
haqqında fikirlərini bölüşüblər. Onlar yubilyarı hər kəsin ərk edə
biləcəyi, qayğıkeş, istiqanlı, prinsipial şəxs, gözəl təşkilatçı,
həssas insan, nümunəvi ailə başçısı kimi xarakterizə edən cəhətlərə
diqqət çəkiblər, xatirələrini bölüşüblər.
Tədbirdə “Bakı” və “Baku” axşam qəzetlərinin Azərbaycan mətbuatı
tarixindəki roluna, nəşrlərin qurucusu ustad qələm sahibi Nəsir
İmanquliyevin jurnalistikamızda və ictimai fikir tariximizdəki
müstəsna əhəmiyyət daşıyan missiyasına, ziyalılıq keyfiyyətlərinə
geniş diqqət yetirilib. Mövcud xüsusda N.İmanquliyev məktəbinin
məzunu olmuş Ə.Məşədiyev əsl jurnalist, peşəsinə sadiq həmkar
olaraq dəyərləndirilib, yubilyarla bağlı səmimi istək və arzular
dilə gətirilib.
Sonda çıxış edən Ənvər Məşədiyev özü barədə söylənilən xoş sözlərə,
yaradıcılığına verilən yüksək dəyər və qiymətə görə toplantı
iştirakçılarına təşəkkürünü bildirib.