...

Beynəlxalq təşkilatlar və YUNESKO boş dayanmamalıdır - Ağdam səfər edən Britaniyalı səyyah

Cəmiyyət Materials 8 Sentyabr 2022 22:31 (UTC +04:00)
Beynəlxalq təşkilatlar və YUNESKO boş dayanmamalıdır - Ağdam səfər edən Britaniyalı səyyah

Ağdam. Trend:

Qarabağ münaqişəsi faciəli olub, amma xoşbəxtlikdən Azərbaycan öz ərazilərini erməni işğalından azad edib.

Bu barədə Trend-in müxbirinə müsahibəsində Böyük Britaniyadan Azərbaycanın ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərinə gələn səyahətsevər, London Universitetinin tarixçisi, Yaxın Şərq üzrə ekspert Furkan Cavaid deyib.

"Tikinti-bərpa işləri, xüsusən də Şuşada nə qədər sürətlə aparıldığı heyrət doğurur. Şəhər əlbəttə ki, turizm mərkəzinə çevriləcək. Məscidlərin, mədəni və tarixi irsin bərpası təkcə Azərbaycan mədəniyyəti üçün deyil, ölkəyə gələn qonaqlar üçün də mühüm məqamdır. Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür", - deyə o bildirib.

F.Cavaidin sözlərinə görə, Ermənilər tərəfindən törədilən vandalizm qəbuledilməzdir: "Qarşı tərəfin tarixinə, adət-ənənəsinə hörmətlə yanaşmaq lazımdır. Müharibə olsa belə, belə obyektləri, binaları dağıtmaq olmaz".

Ermənistanın Azərbaycana qarşı bu günə qədər davam etdirdiyi mina terroru ilə bağlı sualı cavablandıran tarixçi bunun tamamilə yaramaz olduğunu vurğulayıb.

"Bu qədər böyük ərazini minalardan təmizləmək çox çətindir. Minalar dünyanın bir çox ölkəsinə həddən artıq ziyan vurub. Ermənilərin bunu davam etdirməsi təəssüf doğurur", - deyə o qeyd edib.

Bundan əlavə, F.Cavaid vurğulayıb ki, beynəlxalq ictimaiyyət və təşkilatlar, eləcə də YUNESKO boş dayanmamalıdır.

"Onlar çoxtərəfli həllər hazırlamalı və minatəmizləmə səylərini dəstəkləməlidirlər. Əks halda, münaqişələr uzun müddət davam edir. Məsələn, Anqolada onilliklər keçməsinə baxmayaraq, insanlar hələ də mina partlayışlarının qurbanına çevrilir, əl-qolunu itirirlər. Ona görə də dünya təşkilatları mütləq öz dəstəklərini verməlidirlər, kənarda qalmamalıdırlar", - deyə F.Cavaid əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti