...

Kamal Abdullanın əsəri Lənkəran Dram Teatrında - “Casus”un premyerası olacaq (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2022 16:58 (UTC +04:00)
Kamal Abdullanın əsəri Lənkəran Dram Teatrında - “Casus”un premyerası olacaq (FOTO)

Bakı. Trend:

Oktyabrın 29-da Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.

Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca), Səyyad Əliyev və Emil Rzayev (Beyrək) çıxış edirlər.

“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu desə də, digər tərəfdən məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, hansı səbəbə görə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir?

Qeyd edək ki, oktyabrın 10-da tamaşanın ictimai baxışı keçirilib. Səhnə əsərinin nümayişindən sonra keçirilən müzakirədə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Könül Cəfərova və həmin sektorun məsləhətçisi Günay Hümbətova çıxış edərək maraqlı və məzmunlu tamaşanın hazırlanmasından məmnun qaldıqlarını bildirib, yaradıcı kollektivə uğurlar arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti