Bakı. Trend:
Noyabrın 24-də Sabunçu rayonu Maştağa kənd 209 nömrəli tam orta məktəbin VIII-IX siniflərində təhsil alan 35 nəfər şagirdi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar. Görüş Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin (GRQM İB) ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir.
Əvvəlcə şagirdlərlə ADPU-nun böyük akt zalında görüş keçirilib.
Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru
professor Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə
prorektoru Könül Pirverdiyeva, Bakı şəhəri üzrə Baş Təhsil
İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Elm və Təhsil Nazirliyi
yanında İctimai Şuranın sədri Günel Səfərova, GRQM İB-nin sədri
Məleykə Əlizadə, 209 nömrəli tam orta məktəbin direktoru Səbahət
Ağayeva, həmçinin məktəbin müəllimləri, şagirdlər və valideynlər
iştirak ediblər.
Spikerlər çıxış edərək təhsildə gender bərabərliyinin təşviqinin
əhəmiyyətindən söz açmış, xüsusən, genderə həssas bölgələrdə
ictimai maarifləndirmə işlərinin vacibliyini vurğulamışlar.
Çıxışlarda bu baxımdan yuxarı sinif şagirdlərinin ali təhsil
müəssisələrinə səfərlərinin, görüşlərinin də onların dünyagörüşü və
peşə-istisas seçimində rolu xüsusi vurğulanmışdır.
O da qeyd olunub ki, məktəb-icma birliyinin yaradılması konsepsiyası çərçivəsində bu səfər valideynlərlə ortaq təşkil edilib.
Görüş zamanı ADPU-nun tələbə təşkilatlarının fəalları tərəfindən
şagirdlərə dəstək vermək məqsədi ilə mentorluq proqramının icra
olunması qərara alınıb.
Daha sonra şagirdlər universitetlə ətraflı tanış olmuşlar.
Universitetin Heydər Əliyev Muzeyi, “Zəfər” stendi, STEAM Mərkəzi,
müasir Kitabxana-İnformasiya Mərkəzi, tədris auditoriyalarını gəzən
şagirdlər çay süfrəsi ətafında təəssüratlarını bölüşmüşlər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov şagirdlərlə görüşərək
səmimi söhbət edib. Şagirdlərin əksəriyyəti gələcəkdə müəllimlik
peşəsinə yiyələnmək arzularını ifadə etmişlər.
Şagirdlərə və 209 nömrəli məktəbə ADPU-nun 100 illik yubiley
nəşrləri və suvenirləri, həmçinin ingilis dilində bədii kitablar
hədiyyə olunub.
Qeyd edək ki, layihə çərçivəsində digər Bakıətrafı kənd məktəblərinin də tələbələrinin universitetə ekskursiyası təşkil olunacaq.