...

Neftçalaya magistral su kəmərinin çəkilişi iyuna qədər yekunlaşacaq (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2023 14:16 (UTC +04:00)
Neftçalaya magistral su kəmərinin çəkilişi iyuna qədər yekunlaşacaq (FOTO)

Bakı. Trend:

Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunan layihə yekunlaşmaq üzrədir.

Qurumdan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunda icra olunan layihə 27 yaşayış məntəqəsini - Pirəbbə, Aşağı Surra, Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Ballıcalı, Boyat, Bala Surra, Qaraqaşlı, Şorkənd, Cəngan, Beştalı, Ərəbqardaşbəyli, Yenikənd, Qırmızı Şəfəq, Mayak 1, Mayak 2, Şirvanlı, Yeni Qışlaq, Haqverdili, Mikayıllı, Qızqayıtlı, Dalğalı, Sarıqamış, Sahiloba kəndləri və Bankə qəsəbəsini əhatə edir. İndiyədək bu yaşayış məntəqələrinin içməli su təchizatı suvarma kanallarından və arxlardan götürülərək modul tipli sutəmizləyici qurğularda təmizlənən su hesabına aparılıb. Yay aylarında Kür çayında su səviyyəsinin azalması və keyfiyyətinin pisləşməsi səbəbindən qurğuları xam su ilə təmin etmək mümkün olmurdu. Buna görə də modul qurğuların su təminatı sudaşıyan maşınlarla ödənilirdi ki, bu da yay aylarında ciddi çətinliklər yaradırdı. Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə yeni magistral su kəmərlərinin çəkilişi rayon mərkəzi ilə yanaşı kəndlərin də içməli su təminatı üçün əlverişli imkan yaradıb.

Artıq Aşağı Surra, Ballıcalı, Boyat, Şorkənd, Pirəbbə, Qaraqaşlı, Cəngan, Beştalı, Ərəbqardaşbəyli, Bala Surra kəndləri Neftçala şəhərinin şəbəkəsindən, eləcə də 2020-ci ildə istismara verilmiş magistral kəmərdən dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunur. Digər yaşayış məntəqələrinin su təminatı isə inşasına ötən ilin sonlarında başlanmış və hazırda tikintisi davam edən ikinci magistral kəmər, həmçinin subartezian quyuların hesabına aparılacaq. Artıq magistral kəmərin inşa işlərinin 75 faizi icra olunub və cari ilin iyun ayına qədər işlər yekunlaşacaq.

Layihəyə əsasən, 9 yaşayış məntəqəsinin su təminatı subartezian quyuları qazılacaq, quyu sularının keyfiyyətinin standartlar səviyyəsinə çatdırılması məqsədilə əks osmos tipli sutəmizləyici qurğular quraşdırılacaq. Artıq 5 subartezian quyusunun qazıntısı və 6 əks osmos tipli qurğunun inşası işləri başa çatıb. Kəndlərdə ümumi uzunluğu 90 km olan içməli su xətlərinin inşası isə yekunlaşmaq üzrədir. Yeri gəlmişkən, hazırda Bankə qəsəbəsində inşası nəzərdə tutulan 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsinin tikintisi üzrə işlərin 90 faizindən çoxu yerinə yetirilib, 1700 ünvana ev birləşməsinin verilməsi davam etdirilir.

Neftçala rayonunda icra olunan layihə çərçivəsində 30 minədək kənd sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti