Bakı. Trend:
Dişəti xəstəlikləri hazırda kifayət qədər geniş yayılmış problem olduğu üçün pasiyentlərdən sosial media şəbəkələrində bizə tez-tez buna dair suallar ünvanlanır. Ancaq müalicə üsulundan danışmadan öncə, gəlin, yaranma səbəbinə nəzər yetirək. Necə olur ki, problem bu qədər geniş kütləni əhatə edə bilir? Dişətimiz niyə qanayır?
İlk olaraq onu qeyd etmək lazımdır ki, bu problem dünyada artıq 20 ildən artıqdır ki, öz həllini tapıb. Ancaq təəssüf ki, ölkəmizdə müəyyən qədər bu sahədə boşluqlar var. Düzgün olmayan müalicə üsulları seçimi və məlumatsızlıq buna əsas verir. Nümunə olaraq, diş ətinə hansısa iynələrin vurulması və ya müxtəlif mazlardan istifadə düzgün metod deyil və professionallıqdan tamamilə kənardır.
Müalicə etmək üçün birinci, səbəb tapılmalıdır, sonra aradan qaldırılmalıdır.
Bəs qanamaya səbəb olan faktorlar nələrdir?
Bu səbəblər diş ərpi və dişətrafı daşlardır. Dişətrafı daşlar diş ətinin çöl hissəsində olduğu kimi, dişətinin alt hissəsində, yəni diş kökünə yapışmış da ola bilir. Ona görə də, bu nahiyələrdə diş təmizliyini düzgün yerinə yetirə bilsək, problem qarşısını almış olarıq.
Təmizliyə gəldikdə, bir neçə üsul olaraq ayıra bilərik. Sadə prosedur olaraq, ultrasəs dalğaları yayan scaler aparatı və müxtəlif spesifik cihazlarla təmizlənilir. Digər bir metod isə əl ilə təmizlikdir, yəni küret alətləri vasitəsilə diş daşlarının təmizlənməsidir.
Bəzən bu təmizliyi biz kiçik cərrahi üsulla da edirik. Buna tibbi dildə açıq küretaj deyilir. Küretaj üsulundan problem böyük miqdarda lduqda istifdə edilir. Bəs problemin ölçüsü nəyə əsasən qiymətləndirilir? Necə bilək ki, küretaja ehtiyacımız var? Stomatoloji baxış zamanı istifadə olunan xüsusi bir alət var. Bu alət vasitəsilə diş ətinin dərinliyini ölçmək mümkündür. Biz buna periozond (periodontoloji zond) deyirik. Alətlə diş ətinin dərinliyi ölçüldükdə, göstəricilər 3-4mm –dən çoxdursa, mütləq şəkildə açıq küretaj tətbiq edilir.
Prosedur zamanı dişin kök səthi kəsiklərlə açılır. Burada toplanan diş daşları adi gözlə görünmədiyi üçün ultrasonik cihazlarla təmizlənə bilmir və yalnız açıq küretajla təmizlənir. Diş səthinə kifayət qədər sərt yapışdığına görə xüsusilə iti alətlərlə bu daşlar götürülür. Bu səbəbdən də, dişlərdə dərin ciblər olduqda küretaj əməliyyatı etmədən diş daşlarından qurtulmaq mümkün olmur.
İynə vurma yöntəmləri ilə nəsə etməyə çalışdıqda isə çox yanlış seçim edilmiş olur, daşlar təmizlənmir və hətta, bir müddət sonra daha ağır şəkildə problem geri qayıtmış olur. Getdikcə problemin həddi dərinləşir və nəticə olaraq, dişləri itirmiş oluruq.
Bir həkim olaraq, dişəti problemi ilə bağlı ən əsas tövsiyəm bundan ibarətdir ki, dişlərinizi düzgün fırçalayın. Olduqca bəsit görünən bu gündəlik rutin proses, əslində bir çox problemi aradan qaldırmağa imkan verir. Düzgün olmayan diş fırçalama yöntəmi diş ərpinin, ərplər isə diş daşlarının yaranmasına səbəb olur. Nəticə olaraq, dişəti iltihabı meydana gəlir və qanaxmalar başlayır. Təmizlik düzgün edilirsə, heç bir halda iltihablanma olmur.
Əlavə olaraq, nəzərə alınmalıdır ki, dişəti iltihabında 90% səbəb diş daşları olduğu halda, yerdə qalan 10% müxtəlif sistematik xəstəliklərdir. Bu qrupa qan dövranı sistematik xəstəliyi, şəkərli diabet və uzun müddət hormonal preparatlar (steroid) qəbul edən pasiyentlər daxildir. Təəssüf ki, bu cür xəstələrdə diş ətinə birbaşa müdaxilə alınmır və yalnız sistematik problem öz həllini tapdıqdan sonra dişəti problemi də aradan qalxır.