...

Azərbaycanda qız uşaqlarının sayı niyə azalır? – Komitədən AÇIQLAMA

Cəmiyyət Materials 17 Avqust 2023 11:40 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yeni doğulan körpələrin sayında qız uşaqlarının payı azalmaqda davam edir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Sədaqət Rəhimova bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir.

“Təəssüflər olsun ki, ölkəmizdə ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından biri selektiv abortlardır. Belə ki, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.

Ümumiyyətlə, oğlan uşaqlarına üstünlüyün verilməsi ölkədə mövcud olan gender stereotipləri, oğlan uşaqlarına daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu və sosial normaların təzahürüdür, ölkədə gender əsaslı cins seçiminin kökündə dayanan əsas səbəbdir”, - deyə o, qeyd edib.

S.Rəhimova vurğulayıb ki, bütün bu halların qarşısının alınması məqsədilə dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilir.

“Belə ki, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır. Tədbirlər Planında əks olunan bəndlərlərlə bağlı aidiyyatı icraçı qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də mövzu ilə bağlı regionlarda silsilə maarifləndirici tədbirlər həyata keçirilir, bukletlər çap olunur, sosial çarxlar çəkilir.

BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” Qlobal Proqramı çərçivəsində bu sahədə işlər davam edir”, - deyə Rəhimova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti