Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Xaçmazda körpünün uçması ilə bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.
Hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb. Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.