Bakı. Trend:
Dünən Prezident İlham Əliyev "Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Trend xəbər verir ki, Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km və 6 hərəkət zolaqlı olacaq. Bu yolun Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacağı gözlənilir.
Uzunluğundan göründüyü qədər, yeni yol Böyükşor gölündən başlayaraq, Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağıya gedəcək. Bu, hazırkı dar Zabrat yolundan iki dəfə qısa olacaq.
Beləliklə, 2024-cü ildə qeyd edilən yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx tıxacların yaşandığı Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşacağı gözlənilir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu yol Bakı Şəhərinin Baş Planında da öz əksini tapıb.
“Yaxın 20 ildə tikiləcək yollardan biri idi. Böyükşor–Pirşağı avtomobil yolu indiki Zabrat yoluna alternativ olacaq. Şəhər yol şəbəkəsində hər bir yeni yolun olması müsbət haldır”, - deyə o əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik: