Bakı. Trend:
Gələcəkdə Təhsil Tələbə Kredit Fondu yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, həm də təhsillə bağlı digər xərclərin də ödənilməsini nəzərdən keçirməlidir. Çünki həmin Fonda dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev qeyd edib ki, rəqabətli istehsal sahələrinin inkişaf etdirilməsi üçün vəsait strukturuna yenidən baxılmalıdır.
“Nəticəyönümlü elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün tədbirlər planı hazırlanmalıdır”, - deyə o əlavə edib.