Bakı. Trend:
2023-cü ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 865,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumi məhsulun 5 milyard 134 milyon manatı heyvandarlıq, 5 milyard 731,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3 faiz, o cümlədən, heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.
Kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 989,3 min ton (4,0 faiz az) kartof, 1753,6 min ton (1,4 faiz çox) tərəvəz, 438,2 min ton (6,5 faiz az) bostan məhsulları, 1084,5 min ton (2,4 faiz çox) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 faiz çox) üzüm, 1102,4 ton (15,5 faiz çox) yaşıl çay yarpağı, 29,2 min ton (2,5 faiz çox) günəbaxan, 125,1 min ton (18,6 faiz az) şəkər çuğunduru, 4,2 min ton (12,2 faiz çox) tütün və 168,9 min ton (15,1 faiz az) pambıq yığılıb.