Bakı. Trend:
Biz bu günümüzü 31 il sonra bizi öz ata-baba yurdumuza qaytaranlara borcluyuq.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Nərmin Yusifli deyib.
Onun sözlərinə görə, biz torpaqlarımızın azad olunmasını Ali Baş Komandan Prezident İlham Əliyevə, müzəffər ordumuza, qəhrəman əsgər və zabitlərimizə borcluyuq.
"Bu gün mən doğma yurdum Laçına qayıdıram və öz peşəkar jurnalist fəaliyyətimi Laçında davam etdirəcəm. Bütün torpaq həsrətini çəkənlərə öz yurdlarına qayıtmalarını arzulayıram.
Mən Laçını hər zaman mənasını bilmədiyim yüksəklikdə uçan quşa bənzətmişəm. Sən demə Laçın özü də quşdur.
Ata-baba yurdumda yaşamasam da, orada böyüməsəm də, hər zaman Laçın həsrəti ilə böyümüşük. Buna görə, bu gün sanki 31 il öncə tərk etdiyim doğma Laçına dönürəm", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçın şəhərinə 17 ailə - 63 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.