...

Azərbaycanda Qurban bayramı qeyd olunur

Cəmiyyət Materials 16 İyun 2024 00:05 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün - 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti