Bakı. Trend:
28 iyun 2024-cü il tarixində ABŞ səfirliyinin, ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetinin nümayəndələri 400-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün iki günlük seminar və konfransın açılışını ediblər.
Trend xəbər verir ki, açılış nitqi ilə ABŞ səfirliyinin Missiya rəhbərinin müavini Huqo Qevara və ADA Universitetinin Strategiya və İkişaf üzrə prorektoru Vəfa Kazdal çıxış ediblər.
Konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən icra olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 18 həftəlik onlayn magistr səviyyəli ingilis dilinin tədrisi üzrə sertifikat proqramının yekun tədbiridir. Bu il proqramın həyata keçirildiyi dördüncü ildir. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Bakı, Gəncə, Naxçıvan, Mingəçevir, Yevlax, Sumqayıt, Bərdə, Gədəbəy, Şəmkir, Şəki, Zaqatala, Füzuli, Lənkəran, Astara, Masallı, Beyləqan və digər yerlərdən ingilis dili müəllimləri iştirak edir. Bu, iştirakçılara pedaqoji cəhətdən ən qabaqcıl təcrübələri öyrənmək və həmkarları ilə peşəkar təhsil işçiləri birlikləri qurmaq üçün texniki bacarıqlarını inkişaf etdirmək imkanıdır.
2020-ci ildə fəaliyyətə başladığı gündən magistr səviyyəli bu çətin virtual təlim proqramını 350 azərbaycanlı ingilis dili müəllimi uğurla bitirib. Proqram hər il böyüməyə və inkişaf etməyə davam edir, təsirini və əhatə dairəsini artırır.
ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti bu uğurlu layihəni gələn il Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə davam etdirmək niyyətindədir. Hazırki tərəfdaşlıq Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələnib və xalqlararası əlaqələrimizi gücləndirməklə və eyni zamanda təhsilin bütün səviyyələrində ingilis dilində bilik və bacarıq qabiliyyətinin təkmilləşdirilməsi yolunda Azərbaycanın da qarşısına qoyduğu məqsədi dəstəkləməklə ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb. Bu və digər ABŞ səfirliyinin ingilis dilli proqramlarının bir çox məzunu beynəlxalq konfranslarda, mübadilə proqramlarında və digər əhəmiyyətli tədbirlərdə fərqləniblər.