Ağdam. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nağıyev Zahid Baxış oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.
Trend-in yerli müxbiri xəbər verir ki, şəhid Zahid Nağıyevin nəşi ailəsinin yaşadığı Evoğlu kəndinə gətirilib.
Şəhidlə vida mərasimi Qaradağlı kənd qəbiristanlığında baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Sonra şəhidin nəşi yaylım atəşinin sədaları altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.
Qeyd edək ki, Nağıyev Zahid Baxış oğlu Birinci Qarabağ müharibəsində cəbhənin Füzuli və Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib. 1994-cü ilin aprelin 18-də Ağdam rayonunun Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. Aparılan araşdırmalardan sonra döyüşçünün Ağdam rayonunun Xındırıstan kənd məzarlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.
xxx
14:02
Birinci Qarabağ müharibəsində həlak olmuş daha bir şəhidin nəşinin qalıqları doğulub boya-başa çatdığı evə gətirilib.
Trend-in yerli müxbirinin xəbərinə görə, 1994-cü ildə Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olmuş, şəhid Zahid Baxış oğlu Nağıyevin cənazəsi 30 il sonra rayonun Evoğlu kənd qəbiristanlığında dəfn ediləcək.
İlk olaraq şəhid Z.Nağıyevin nəşinin qalıqları onun qardaşı evinə gətirilərək, vida mərasimi keçirilir. Şəhidin vida mərasimində onun doğmaları, kənd sakinləri, müharibə iştirakçıları və yerli ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Zahid Nağıyev Ağdam rayon Xındırıstan kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunubmuş. Şəhid Evoğlu Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.