...

Azərbaycan və Səudiyyə Ərəbistanı Baş prokurorluqları arasında Memorandum imzalanıb

Cəmiyyət Materials 30 Sentyabr 2024 14:58 (UTC +04:00)
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş prokurorluqları arasında Memorandum imzalanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl-Mucibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Kamran Əliyev xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayaraq, bu sahədə dövlət başçıları İlham Əliyev və Kral Salman bin Əbdül-Əziz Əl Səudun misilsiz xidmətlərini qeyd edib.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Qeyd edilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan Kamran Əliyev COP29-un dövlətlərarası yeni əməkdaşlıq formatlarının yaradılmasında mühüm rol oynayacağını qeyd edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağında Səudiyyə Ərəbistanı Krallığının iştirakından məmnunluğunu ifadə edən Kamran Əliyev bunun əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini qeyd edib.

Daha sonra Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorunu 15 noyabr tarixində Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi tərəfindən Bakıda təşkil olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusundakı Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Şeyx Səud bin Abdullah Əl-Mucib rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Sonda ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti