Bakı. Trend:
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Bildiyiniz kimi, 14 noyabr - Beynəlxalq Loqopedlər Günüdür. Beynəlxalq Günün mahiyyəti haqqında qısa məlumat verərdiniz...
- 2004-cü ildən keçirilən Beynəlxalq gün loqopedlərin peşə
bayramı hesab olunur.
Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının
səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim,
tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul
olur.
Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla
məşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqində
kommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasına
çalışırlar.
Beynəlxalq Loqopedlər Günü ictimaiyyətin diqqətini nitq
pozulmasının aradılmasına cəlb etmək məqsədilə təsis edilib.
- Aygün xanım, uşaqlarda nitqin inkişafına təsir edən amillər hansılardır?
- Nitqin inkişafına mənfi təsir edən 2 əsas amil var. Burada
bioloji və sosial-psixoloji amillər nəzərdə tutulur. Bioloji
amillərə genetik, nevrolojı, psixi, immun və somatik xəstəliklər
aid edilir. Sosial-psixoloji amillər dedikdə isə mikro və
makromühitdə alınan streslər, depressiyalar, qorxular və s. nəzərdə
tutulur. Çox vaxt ikidilli (bilinqvizm) və ya tam ünsiyyətdən
təcrid olunan uşaqlarda nitqin inkişafının pozuntusu müşahidə
olunur.
Problemdən asılı olaraq, loqoped, psixiatr, nevroloq,
otolarinqoloq, stomatoloq, cərrah və digər mütəxəssislərin
müayinəsi tələb olunur.
- Təxminən neçə yaşında uşaqlar artıq səlis danışmağa başlamalıdılar?
- 3 yaşa kimi uşaqların nitqi səlis olmasa da, rabitəli nitqdən
istifadə etməyə başlayırlar. 0-3 yaşa kimi uşağın senso-motor
inkişaf dönəmidir. Bu yaş dövründə uşaqlar ətrafda olanları
öyrənir, adlandırır, analiz edir. 3 yaşdan sonra artıq rabitəli
nitq intensiv inkişaf edir. Uşaqların passiv söz ehtiyatı aktiv söz
ehtiyatına çevrilir. 4 yaşlı uşağın 3000 -3500 yaxın söz ehtiyatı
olmalıdır. Praktiki isə 1500 söz istifadə edir. Cümlələr sadə və ya
mürəkkəb olur. Bu dövürdə uşaqlar bir gün əvvəlki hadisəni
xatırlayıb danışmalıdırlar. Qurduqları cümlələr 4-8 söz arası
olmalıdır. Sözlər arası əlaqəni analiz etməli və düzgün istifadə
etməlidirlər. Əşyaları yaşa uyğun təsvir olunmalıdır. Kiçik
şeirləri əzbər danışmalı, öyrəndiyi şeirlərin məzmununu izah
etməlidirlər. Situasiyaları nitqə çevirib, nitqin bütün
kompanentlərindən istifadəsi tövsiyə olunur.
5 yaşda isə tam şəkildə ətrafdakıları anlayırlar. Bu yaşda söz
ehtiyatı təxminən 5000-ə yaxın olur. Gündəlik 800-1000 sözdən
istifadə edirlər. Cümlələri 6-8 sözdən ibarət və nitq aydın olur.
Bütün səsləri düzgün tələffüz edirlər. Dialoqa daxil olur, sual
verir, sualları tam cavablandırlar. Süjetli, kiçik mətnləri danışa
bilirlər. Antonim sözləri başa düşür, nitqində istifadə edirlər.
Sözlərin ilk səsini düzgün anlayıb, deyə, şeir əzbərləyə bilirlər.
Oxunan mətn haqqında obrazlı danışırlar.
5 yaşdan sonra artıq şifahi nitqdən yazlı nitqə keçid olur və
beləliklə şifahi nitq daha da zənginləşir.
- Uşaqların uzun müddət telefon, televizor, planşet izləməsi, az ünsiyyətdə olmaları onlarda hansı çətinlikləri yarada bilər?
- Müasir dövrdə texnikanın cəmiyətimizin bir hissəsi olmasına
baxmayaraq, istər nitq qüsuru olan, istər nitq əlilliyi olmayan
uşaqlarda uzun müddətli televizor, telefon, planşet və s. istifadə
onların dil bacarıqlarının inkişafına mənfi təsir edir. 0-3 yaş
arası uşaqlara ümumiyyətlə texnikalardan istifadə məsləhət
görünmür. 3 yaşdan yuxarı uşaqlarda isə bu texnikalardan istifadə
məhdud saatlarda olmalıdır.
Texniki vasitələrdən erkən istifadə nitqin inkişafını ləngidir və
ünsiyyət problemlərini ağırlaşdırır. Kiçik yaşlarından bu
vasitələrdən istifadə edən bir çox uşaqlar gələcəkdə mətnləri,
şeirləri, hekayələri dinləyərkən, sözlərin cümlələrlə
əlaqələndirilməsində, mənalarının başa düşülməsində, yaddaşda
saxlamaqda çətinlik çəkirlər.
- Həmçinin oğlan və qızlarda nitqin inkişafının xüsusiyyətləri və fərqi haqqında bilmək istərdik...
- Nitqin əsas hissəsi sol yarımkürənin mərkəzində yərləşir. Amma
müəyyən fərqlər mövcuddur. İlk öncə oğlan və qızların fizioloji
inkişafının xüsusiyyətlərindən asılıdır. Qızlarda baş beyin
qabığındakı nevronlar arası əlaqələr nitqə cavabdeh olan bölgələrdə
daha sürətli formalaşır. Oğlanlar qızlara nisbətən gec (2,5-3 yaş)
danışmağa başlayırlar. 4-6 yaşlı qızlar daha yaxşı danışırlar,
şəkil çəkirlər, lakin istisnalar da mövcuddur.
Məktəb dövründə oğlanlar məntiq və təfəkkürdən istifadə edirlər.
Onların riyazi qabiliyyətləri daha çox inkişaf edir. Qızlara isə
hekayələr, mətnlər danışmaq, şeirlər əzbərləmək daha asan olur.
Oğlan uşaqları ilk sözlərini qızlardan daha gec tələffüz edirlər,
lakin bu o demək deyil ki, oğlanlar inkşafdan geri qalır.
Oğlan və qızlar arasında nitqin başa düşülməsində də fərqlər
müşahidə olunur. Qızlar emosional nitqi, oğlanlar isə qısa və
lokanik nitqi daha yaxşı qavrayırlar. Qızlar üçün hisslər və
duyğular vacibdir. Onlar böyüklərin nitqində də bunu hiss etməyə
çalışırlar. Oğlan uşaqları isə dəqiq və sadə konstruksiyalı nitqə
üstünlük verirlər.
- Valideynlər loqopedik məşğələlərə gedən uşaqlara necə dəstək ola bilərlər?
- Nitqin inkişafında emosional kontaktın və münasibətin olması
çox önəmli rol oynayır. Əgər valideynlər uşaqları ilə emosional
bağlılığı tənzimləyə bilməzsə, bu, uşaqda təkcə onun insanlarla
kontaktına yox, həmçinin ünsiyyətin formalaşmasına da maneçilik
törədə bilər. Ona görə də, valideynlər uşaqları ilə canlı ünsiyyətə
daha çox üstünlük verməlidirlər. Teatr, muzey, kitabxana kimi
maraqlı və maarifləndirici yerlərdə birgə vaxt keçirməkləri daha
məqsədəuyğundur. Oradan aldıqları təəssüratlarını bölüşərək,
valideyn öz uşağının daxilində olan müsbət və mənfi potensiallarını
aşkar edə bilər.
Bəzən uşaqların nitqlərində qüsur olmasa da, ünsiyyətdə çətinliklə
üzləşirlər. Uşaqların daha ünsiyyətcil olmasında valideynlərin və
yaxın qohumlarının rolu vacib və əvəzolunmazdır.
Loqopedik məşğələrə gedən uşaqların valideynləri isə, nitq əlilliyi
olan uşaqlarının inkişafına inamlı yanaşmaq və potensialını bilərək
inkişafını dəstəkləməlidir. Loqopedik korreksiya zamanı müsbət
nəticə tez və ya gec özünü göstərəcək. Valideyn isə bu prosesdə
uşağına dəstək verərək, onun inkişafına müsbət təsir etməlidir.
- Loqopedik masaj nədir?
- Loqopedik masaj zamanı artikulyar aparata mexaniki təsir
edilir. Masaj nitq aparatının əzələsinə, sinirlərinə, qan
damarlarının vəziyyətinə müsbət təsir göstərir. Nitq qüsurlarının
korreksiyası zamanı kompleksli işin proqramına önəm verilir.
Masajın sayəsində artikulyar aparatın əzələlərinin tonusu, səslərin
tələffüzünün normallaşması və düzgün nitqin formalaşmasında mühüm
rol oynayır.
Loqopedik masaj 10-20 seans aparılır. İlk seanslarda 5-6 dəqiqədən
başlayaraq, tədricən 10-15 dəqiqəyə kimi artırılmaqla yerinə
yetirilir. Hər masaj seans arası 2-3 ay fasilə olmalıdır. Masajın
fərqli dəqiqələr ilə olması uşağın, yaxud nitq əlilliyi olan şəxsin
yaşından, nitq qüsurunun dərəcəsindən asılıdır.
Loqopedik masajın faydaları olduqca çoxdur. İlk öncə uşağın ümumi
vəziyyətinə yaxşı təsir edir. Masaj sayəsində üz əzələlərinin qan
dövranı yaxşılaşır, əzələlərin elastikliyi artır. Sinir sistemində
pozitiv dəyişikliklər müşahidə olunur. Artikulyar aktivlik artır,
spazm və parezlər aradan qalxır, nitq aparatının bütün orqanlarının
hərəkətliyi bərpa olur. Loqopedik masaj sərin, havalandırılması
tez-tez dəyişdirilən otaqda yerinə yetirilməlidir. Masaj zamanı
loqopat yarımoturaq, yaxud uzanmış vəziyyətdə olmalıdır.
Sonda qeyd etmək istərdim ki, infeksiyon və virus xəstəlikləri
olduğu zaman, üzdə və ağız boşluğunda irinli və dəmirov səpgilər
olarkən, qıcolma tutmaları zamanı, yüksək temperatur və
hiperhəssaslıq zamanı masaj əks göstəriş hesab edilir.