...

COP for Hope: İsrail COP29-da uğurlu razılaşmanı səbirsizliklə gözləyir - B.B.Herstman (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

İqtisadiyyat Materials 14 Noyabr 2024 14:58 (UTC +04:00)
COP for Hope: İsrail COP29-da uğurlu razılaşmanı səbirsizliklə gözləyir - B.B.Herstman (ÖZƏL MÜSAHİBƏ) (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İsrailin Energetika və İnfrastruktur Nazirliyinin xarici siyasət şöbəsinin rəhbəri Battsion Bendavid Herstmandır.

Bakıda keçirilən COP29 çərçivəsində o, Trend-ə özəl müsahibəsində, COP29-un uğurla keçəcəyinə ümidvar olduğunu bildirərək, Azərbaycanın sədrliyinin xüsusilə iki vacib addım atdığını qeyd edib.

“Birincisi, hər kəs üçün əhəmiyyətli olan geniş məsələlər üzrə danışıqlar aparılır. Biz sədrliyin hidrogen, saxlama və “yaşıl” enerji zonaları üzrə irəli sürdüyü bütün enerji təşəbbüslərinin şahidi olduq və bundan çox məmnunuq.

İkincisi, Azərbaycan mürəkkəb məsələləri müzakirəyə çıxardı. Maliyyə üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi ideyası mürəkkəbdir. Sözlər vacibdir, lakin iş konkret tədbirlərə və vəsaitlərin ayrılmasına gəldikdə, danışıq bir qədər çətinləşir. Bu mövzunu gündəliyə daxil etməkdən çəkinməmək vacib və cəsarətli bir seçimdir.

Bu, yalnız başlanğıcdır, ona görə də biz bu danışıqların nəticələrini gözləyirik. Bizim üçün vacib olan iqlim texnologiyaları və innovasiyalar da müzakirə mövzusudur. Ona görə də uğurlu razılaşmanı səbirsizliklə gözləyirik”, – deyə o əlavə edib.

Battsion Bendavid Herstman qeyd edib ki, ölkələr burada öz növbəti Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələri (NDC) və İkiillik Şəffaflıq Hesabatları (BTR) ilə iştirak edirlər.

“Nə qədər açıq olsaq, olduğumuz yeri qəbul etməkdən çəkinməsək və bunun çətin olacağını qəbul etsək, növbəti NDC-lərimizə keçid zamanı uğur əldə etmək bir o qədər asan olacaq.

Açıq olmaqdan və qarşılaşdığımız çağırışlar haqqında danışmaqdan çəkinməmək – birgə ehtiyaclarımız üçün həll yollarını tapmağın yeganə üsuludur”, – deyə o bildirib.

İsrailin Energetika və İnfrastruktur Nazirliyinin xarici siyasət şöbəsinin rəhbəri qeyd edib ki, İsrailin COP29-dakı əsas mesajı innovasiya və əməkdaşlıqla bağlıdır.

“Bu, irəliyə doğru yoldur və biz bunu, həmçinin, həmkarlarımızdan da görməyi ümid edirik”, – o əlavə edib.

Bundan əlavə, o vurğulayıb ki, İsrailin COP29-da bir sıra prioritetləri var.

“Birinci prioritet, təbii ki, buradakı hər kəs kimi bizim də bərpa olunan enerji sahəsində hədəflərimizə çatmaqdır. İsrail, əsasən, günəş enerjisi və az miqdarda külək enerjisi ilə zəngindir. Ölkənin hidroenerji mənbəyi yoxdur. Ona görə də işimiz çoxdur. Günəş enerjisi sahəmizi genişləndirməliyik. Şəbəkəmizdə bütün günəş enerjisini saxlamaq üçün saxlama qabiliyyətimizi artırmalıyıq. Bu, bizim üçün çox böyük bir prioritetdir. Biz buradayıq ki, həmkarlarımızın təcrübəsindən yararlanaq və eyni zamanda, təklif etdiyimiz imkanları göstərək”, – deyə B.B.Herstman bildirib.

O, ikinci prioritetin innovasiyalar olduğunu qeyd edib.

“İsrail kiçik bir ölkədir. Bizim çoxlu təbii resurslarımız yoxdur, lakin ümumilikdə energetika və iqlim sahəsində çoxlu innovasiyamız və innovativ həllərimiz var. Bizim saxlama, kənd təsərrüfatı, qida məhsulları, hətta tekstil və təkrar emal üçün innovativ həllərimiz mövcuddur. COP29-a İsraildən 20 innovativ şirkətin nümayəndələri gəlib və biz onların texnologiyalarını konfransda nümayiş etdiririk, çünki bilirik ki, bizə kömək edən həllər başqalarına da kömək edə bilər.

İsrailin çox fəxr etdiyi nümunələrdən biri duzsuzlaşdırmadır. İsrail duzsuzlaşdırma sahəsində çoxsaylı imkanlar yaradıb. Gələn həftə İsrail Prezidenti bu mövzuda danışmaq üçün Azərbaycan ilə birgə tədbirdə iştirak edəcək”, – deyə o bildirib.

O əlavə edib ki, üçüncü prioritet qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır.

“Çünki sıfır karbon problemi təkbaşına həll oluna bilməz. Bizə məlumat mübadiləsi və maliyyə və infrastruktur sahələri ilə əməkdaşlıq lazımdır”, – deyə o qeyd edib.

“Yaşıl” energetika sahəsində əməkdaşlıqdan danışan B.B.Herstman vurğulayıb ki, Azərbaycan əla tərəfdaşdır.

“Biz bu barədə, adətən, iki səviyyədə danışırıq. Onlardan biri məlumat mübadiləsidir. Azərbaycan artıq Avropaya elektrik enerjisi tədarükü dəhlizi üzərində işləyir və biz bu təcrübədən yararlanmaq istəyirik. Həmçinin, İsrailin həllərinin Azərbaycanın problemlərinin həllinə necə kömək edə biləcəyini və əksinə müəyyənləşdirmək vacibdir.

Əgər bu problemləri aradan qaldıra biləcək innovasiya və infrastruktur varsa, ölkələrimizi və şirkətlərimizi birləşdirmək bizə effektiv əməkdaşlıq etməyə və hər kəs üçün yeni imkanlar yaratmağa imkan verəcək”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti