Bakı. Trend:
COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm.
Trend xəbər verir ki, bunu Afrika İnkişaf Bankı Qrupunun prezidenti Akinvumi A.Adesina jurnalistlərə bildirib.
“Bu COP konfransı iqlim maliyyələşdirilməsinə həsr olunub. Və mən əminəm ki, biz razılığa gələcəyik”, – o deyib.
Onun sözlərinə görə, çoxsahəli inkişaf bankları artıq tərəfdaşlığın əhəmiyyətini dərk ediblər.
“Tərəfdaşlıq əsas məqamdır. Biz nailiyyətlərimizi ölçəcəyimizi və onlar barədə şəffaf şəkildə məlumat verəcəyimizi öhdəmizə götürmüşük. Dünya yeni kəmiyyət hədəfini müzakirə edərkən, bu hədəfin həyata keçirilməsi üçün resursların mövcudluğunu təmin etmək vacibdir.
Məqsəd qoymaq bir məsələdir, onu yerinə yetirmək isə başqa bir məsələdir. Ümid edirəm ki, biz yalnız məqsəd qoymaqla kifayətlənməyəcək, həm də dünya üzrə iqlim üçün real nəticələr əldə edəcəyik”, – deyə Akinvumi A.Adesina vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.