Bakı. Trend:
Azərbaycan mina çirklənməsindən əziyyət çəkən ölkələr sırasında ön yerdədir. Ölkənin qarşısında qonşu Ermənistanın işğalından azad etdiyi əraziyə - Qarabağa döşənmiş təxminən 1,5 milyon minanın təmizlənməsi kimi böyük vəzifə durur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov COP29 çərçivəsində təşkil olunan “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda müzakirədə deyib.
O əlavə edib ki, Lüksemburqdan üç dəfə böyük - 7 min kvadratkilometr ərazidə basdırılmış minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir:
"Azərbaycan bu məsələdə kifayət qədər dəstək almır. Azərbaycan öz resursları ilə çox geniş miqyasda minatəmizləmə fəaliyyəti həyata keçirir və uğurlu təcrübə yaradıb. Azərbaycan xüsusi bilik və təcrübə qazanıb, bu sahədə artan təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Onun təcrübəsi və yanaşmaları bütün dünyada həyata keçirilən bu fəaliyyətə dəstək verə bilər. Bu, nəinki təqdirəlayiq nümunə olacaq, həm də bir neçə beynəlxalq donoru buna töhfə verməyə inandıra bilər".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.