...

İİB 2022-ci ildən etibarən iqlim maliyyələşdirilməsi çərçivəsində 5,5 milyard ABŞ dollarından çox vəsait təsdiqləyib - Bank prezidenti

İqtisadiyyat Materials 14 Noyabr 2024 13:22 (UTC +04:00)
İİB 2022-ci ildən etibarən iqlim maliyyələşdirilməsi çərçivəsində 5,5 milyard ABŞ dollarından çox vəsait təsdiqləyib - Bank prezidenti
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) 2022-ci ildən etibarən iqlim maliyyələşdirilməsi çərçivəsində 5,5 milyard ABŞ dollarından çox vəsait təsdiqləyib.

Trend xəbər verir ki, bunu İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir COP29 çərçivəsində “Transformativ iqlim fəaliyyəti: diqqətin maliyyə axınlarından Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə yönəlməsi” mövzusunda keçirilən dəyirmi masa zamanı bildirib.

“COP27-dəki son böyük bəyanatımızdan bəri, İslam İnkişaf Bankı iqlim maliyyələşdirilməsi çərçivəsində 5,5 milyard ABŞ dollarından çox vəsaiti təsdiqləyib ki, onun 47 faizi iqlim dəyişikliyinə uyğunlaşmaya yönəldilib. Bu, iqlim dəyişikliklərinə davamlılığı artırmaq təşəbbüslərinə olan sadiqliyimizi vurğulayır”, – deyə Əl-Casir qeyd edib.

O, həmçinin, vurğulayıb ki, İslam İnkişaf Bankı iqlim dəyişikliyi ilə mübarizə üçün islam bankçılığı resurslarını cəlb etməyə davam edəcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti