Bakı. Trend:
Sertifikatlaşdırma investorların etimadının formalaşmasında, eləcə də, konkret layihələrə yönəldilən kapitalın real nəticələr verməsini təmin etməkdə mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu “Bureau Veritas”ın Yaxın Şərq, Xəzər regionu və Afrika üzrə icraçı vitse-prezidenti Harram Macid "COP29 İqlim Platforması: Biznes, İnvestisiya və Xeyriyyəçilik" mövzusunda panel müzakirəsi zamanı bildirib.
O vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyinin son hesabatına görə, karbon neytrallığı hədəflərinə çatmaq üçün 2030-cu ilə qədər trilyonlarla dollar sərmayə qoyulacaq. Bu cür böyük investisiyalar fonunda şəffaflıq artıq seçim deyil, zərurətə çevrilir.
“Bureau Veritas" sertifikatlaşdırma sahəsində qlobal lider kimi, tez-tez etimad vasitəçisi adlanır, çünki şirkət şəffaflığı təmin etməyə kömək edir, bu da öz növbəsində hökumətlər, biznes, maliyyəçilər və digər maraqlı tərəflər arasında uyğunluq yaradır. Biznes baxımından sertifikatlaşdırma şirkətlər üçün böyük əhəmiyyət kəsb edir”, – o bildirib.
H.Macidin sözlərinə görə, dünya hazırda karbon emissiyaları sahəsində böyük bir problemlə üzləşir.
"Dünyada karbon emissiyalarının 40 faizi tikinti sektorunun payına düşür. Lakin əgər bina ekoloji təmiz olaraq sertifikatlaşdırılıbsa, bu, enerji istehlakını 20-30 faiz azaltmaqla yanaşı, daha yüksək doluluq səviyyəsi, daha yüksək icarə gəliri və nəticədə aktivin daha yüksək dəyərini təmin edir.
Beləliklə, sertifikatlaşdırma biznesə əhəmiyyətli təsir göstərməyə başlayır”, – deyə Harram Macid qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.