Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yandır (Yingming Yang).
İnmin Yan Trend-ə özəl müsahibəsində AİB-in Asiya və Sakit Okean regionunda iqlim dəyişikliyi ilə mübarizədə konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
“‘B’ planeti mövcud deyil. Bizim region artıq iqlim böhranının təsirini yaşayır və müştəri ölkələrimizin bir çoxu ən həssaslar sırasındadır. COP29-un prezidenti Muxtar Babayevin sammitin məqsədinin “ambisiyaları artırmaq və iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal tədbirləri təmin etmək” olduğunu vurğulayan davamlı bəyanatlarını eşitməkdən məmnunuq”, – o əlavə edib.
AİB-in vitse-prezidenti bildirib ki, COP29-un əsas ambisiyalarından bəziləri (i) iqlim maliyyələşdirilməsi və ya Yeni Kollektiv Kəmiyyət (maliyyə) Hədəfi (NCQG) üzrə danışıqlar və razılaşma, (ii) 2015-ci il Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon kreditlərinin ticarəti metodları ilə bağlı yekun razılaşma və karbon bazarlarının canlandırılması, (iii) qalıq yanacaqlardan keçid üçün məqsəd və vəzifələrin müəyyən edilməsi, (iv) İtkilər və Zərərlər Fondunun artması ilə əlaqəlidir.
“Bunlar sadə məsələlər deyil. 6-cı maddə 10 ildir ki, müzakirə olunur. Biz Azərbaycanın rəhbərliyi ilə COP sammitində 2025-ci il və sonrakı illər üçün dəqiq fəaliyyət planları ilə əhəmiyyətli irəliləyişə nail olunacağına ümid edirik və AİB bu planları dəstəkləməyə davam edəcək. İqlim maliyyələşdirilməsinə gəldikdə isə, əhəmiyyətli nəticələr əldə etmək üçün müzakirəçilərin əsas diqqəti ölkələrin ehtiyaclarına uyğun olan, yəni ehtiyac əsaslı maliyyələşmənin cəlb edilməsinə yönəltməsi zəruridir”, – deyə İnmin Yan bildirib.
O, həmçinin, maliyyənin nəzərdə tutulan benefisiarların effektiv istifadəsini təmin etmək üçün şəffaflıq və hesabatlılıq mexanizmlərinin yaradılmasının son dərəcə vacib olduğunu düşünür.
“Bu, eyni zamanda, inamı gücləndirməyə və əlavə iqlim maliyyələşdirməsini səfərbər etməyə kömək edir. AİB bu yaxınlarda əsas hesabatını – "Asiya-Sakit okean İqlim Hesabatı: Maliyyə və Siyasi Həllərin Katalizatoru"nu dərc edib. Bu hesabat siyasətçilərə iqlim dəyişikliyinə uyğunlaşma ehtiyaclarının maliyyələşdirilməsi və istixana qazı emissiyalarının minimum xərclərlə azaldılması yollarını başa düşmək üçün bir alət kimi xidmət edir”, – AİB-in vitse-prezidenti bildirib.
AİB-in COP29-da Azərbaycanın sədrliyinə dəstəyi
İnmin Yan bildirib ki, AİB Azərbaycanın iqlim dəyişikliyi probleminin həllində göstərdiyi davamlı səyləri, həmçinin, ambisiyaları artırmaq və fəaliyyətləri təmin etmək məqsədilə COP29-a sədrliyin qəbul edilməsində Azərbaycan hökumətinin liderliyini yüksək qiymətləndirir.
“Mən başa düşürəm ki, hökumət iqlim tədbirləri və Azərbaycanın özü üçün COP29-da böyük uğur əldə etmək üçün fəal şəkildə çalışır. Asiya-Sakit okean regionu üzrə iqlim bankı kimi AİB COP29 sədrliyini həm danışıqlar sahəsində, həm də Fəaliyyət Proqramı çərçivəsində dəstəkləməkdən qürur duyur və biz COP29 sədrliyinə hərtərəfli dəstək göstərməyə davam etməyi qarşımıza məqsəd qoymuşuq. Bunu texniki yardım vasitəsilə edirik ki, bu da potensialın artırılması, məsləhətlər və COP29 üçün əsas məsələlər üzrə bilik dəstəyini əhatə edir”, – deyə AİB-in vitse-prezidenti bildirib.
O, həmçinin, qeyd edib ki, AİB-in ekspertləri 2024-cü ilin may ayından etibarən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Paris Sazişinə əsasən tələb olunan ilk Milli İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasında dəstək göstərirlər.
“AİB ekspertləri seminar təşkil edib və istixana qazlarının (İQ) inventarlaşdırılması hesabatı və Milli İnventarlaşdırma Sənədinin (NID) hazırlanması üçün məlumatların detallı toplanması və yoxlanmasında praktiki dəstək göstəriblər. Biz COP29 sədrliyinin 6-cı maddə üzrə danışıqlar qrupuna əhəmiyyətli dəstək veririk. Ekologiya Nazirliyi və Xarici İşlər Nazirliyi üçün seminarlar təşkil olunub ki, onlar COP29 ərəfəsində və tədbir zamanı Paris Sazişinin 6-cı maddəsinin tam tətbiqi üçün beynəlxalq danışıqlar apara bilsinlər”, – deyə vitse-prezident bildirib.
O əlavə edib ki, AİB COP29 sədrliyi ilə ədalətli keçid, şəhər inkişafı və insan inkişafı, təhsil, səhiyyə və ekoloji bacarıqlar kimi müxtəlif sektorları əhatə edən bir neçə Fəaliyyət Proqramı təşəbbüsü üzrə də sıx əməkdaşlıq edir.
“AİB iqlim dəyişikliklərinə dayanıqlılığı artırmaq məqsədilə Bakı insan inkişafı prinsiplərinin işlənib hazırlanmasında COP29 sədrliyi ilə sıx əməkdaşlıq edib. AİB COP29 sədrliyinin Fəaliyyət Proqramına uyğun olaraq, COP29 zamanı iqlim və təhsil üzrə "İqlim və Sağlamlıq" portalı kimi bir sıra öz təşəbbüslərini də işə salacaq.
COP29-da AİB-in ədalətli keçid, NDC 3.0 (milli səviyyədə müəyyən edilmiş töhfələr), 6-cı maddə, Enerji Keçidi Mexanizmi (ETM), Asiya-Sakit okean regionu üçün “Nature Solution” Maliyyə Mərkəzi, İcma dayanıqlılığını tərəfdaşlıq proqramı və İqlim və Sağlamlıq təşəbbüsü kimi təşəbbüsləri təqdim ediləcək”, – deyə o vurğulayıb.
COP29 çərçivəsində sənədlərin imzalanması planları
AİB-in vitse-prezidenti İnmin Yan bir sıra təşəbbüslərin başlanacağını və razılaşmaların imzalanacağını bildirib.
“Bunlara Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planının (2024–2027) işə salınması daxildir. CAREC Katibliyi iqlim maliyyələşdirilməsi, investisiyalar və ticarət üzrə COP29 Bakı Təşəbbüsü ilə sıx əməkdaşlıq edib. İqtisadiyyat Nazirliyi və AİB tərəfindən birgə təşkil olunmuş CAREC Tərəfdaşlıq Tədbiri Maliyyə Günündə (14 noyabr) keçiriləcək. İqlim dəyişikliyi üzrə Fəaliyyət Planı 8 noyabr tarixində Astanada keçirilən 23-cü CAREC Nazirlər Konfransında təsdiq üçün təqdim olunub. Qazaxıstanın iqlim dəyişikliyi üzrə fəaliyyət planı “CAREC İqlim Dəyişikliyi Baxışı”nda müəyyən edilmiş əsas addımları və tövsiyələri həyata keçirir.
2024–2027-ci illəri əhatə edən Fəaliyyət Planı CAREC klasterlərində iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması üzrə regional layihə və təşəbbüslərin prioritetləşdirilməsinə və iqlim dəyişikliyi ilə mübarizə üzrə regional fəaliyyətlərə dəstək üçün resursların artırılması və optimallaşdırılması məqsədilə inkişaf tərəfdaşları arasında koordinasiyanı gücləndirməyə yönəlib”, – deyə İnmin Yan izah edib.
Bundan əlavə, o bildirib ki, AİB və Yaşıl İqlim Fondu (GCF) Azərbaycan hökuməti də daxil olmaqla, bir sıra ölkələrin dəstəyi ilə Buzlaqlar üzrə Tədqiqat (Glaciers Study) həyata keçirəcək. AİB Mərkəzi-Qərbi Asiya ölkələri ilə sıx əməkdaşlıq edərək, Yaşıl İqlim Fondunun (GCF) 2025-ci ildə nəzərdən keçirməsi üçün “Fermalar üçün buzlaqlar” (Glaciers to Farms - G2F) adlı regional təklif hazırlayıb.
“Təklif su ehtiyatları, kənd təsərrüfatı və sosial sektorları əhatə edir və Azərbaycanın da daxil olduğu regionun uyğunlaşması və dayanıqlılığı üçün GCF maliyyəsinə çıxış əldə etməyə yönəlib. Müdaxilə sahələri landşaftın idarə olunması, su anbarlarının yaradılması, dağ şəhərlərinin dayanıqlılığı, iqlim məlumatları, texnologiyalar və rəqəmsallaşdırma, sosial müdafiə və infrastrukturdan ibarətdir.
COP29 çərçivəsində Asiya AİB və GCF, Mərkəzi-Qərbi Asiya regionunda, o cümlədən, Azərbaycanda inkişaf etməkdə olan üzv ölkələrlə birlikdə, Buzlaqlar üzrə Tədqiqatın həyata keçirilməsi üçün Layihələrin Hazırlanması Fondu (PPF) vasitəsilə dəstək proqramını başlatmağı planlaşdırır. Bu təşəbbüs, regionun iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılığını artırmaq məqsədi daşıyır”, – deyə o qeyd edib.
Vitse-prezident bildirib ki, AİB COP29-da iki günəş enerjisi layihəsi üzrə özəl sektorla maliyyələşmə sazişləri də imzalayacaq.
“Bu il AİB Azərbaycanda Dəmir Yolu Sektorunun İnkişafı Proqramı üçün əlavə olaraq 131,5 milyon ABŞ dolları və Azərbaycan Dəmir Yollarının rəqəmsal transformasiya layihəsi üçün 47 milyon ABŞ dolları məbləğində maliyyələşməni təsdiqləyib. Ümid edirik ki, müvafiq sənədlər COP29 zamanı və ya qısa müddət sonra imzalanacaq”, – deyə o əlavə edib.
AİB-in "yaşıl" enerji dəhlizlərinə dəstəyi
İnmin Yan qeyd edib ki, AİB Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində texniki yardımı vasitəsilə Xəzər “yaşıl” enerji dəhlizi layihəsini dəstəkləyir.
“Layihənin məqsədi ilkin mərhələdə aşağıdakılar vasitəsilə dəstək göstərməkdir:
⁃ Xəzər “yaşıl” enerji dəhlizinin yaradılması üçün regional dialoq və əməkdaşlığın gücləndirilməsi, görüş və seminarların keçirilməsi, maraqlı tərəflər arasında qərar qəbul etmə prosesinin optimallaşdırılması və iştirakçı ölkələr arasında koordinasiya və kommunikasiya imkanlarının yaxşılaşdırılması;
⁃ dəhliz üçün hüquqi və kommersiya çərçivələrinin yaradılmasına dəstək verilməsi, beynəlxalq və milli hüquqi məsləhətçilər tərəfindən sənədlərin analizi və tövsiyələrin təqdim olunması;
⁃ yüksək səviyyəli texniki qiymətləndirmələr və texniki-iqtisadi əsaslandırmaların beynəlxalq məsləhətçilərin mühəndis xidmətləri vasitəsilə həyata keçirilməsi.
Bu genişmiqyaslı təşəbbüs Xəzər regionundan Avropaya bərpa olunan enerjinin ötürülməsi üçün “yaşıl” dəhlizin yaradılması ilə regionun enerji təhlükəsizliyi, davamlılıq və iqtisadi inkişafına töhfə verəcək”, – deyə o yekunlaşdırıb.
X: @Lyaman_Zeyn