Bakı.Trend:
İqlim Skaneri potensial ekoloji audit mövzularının müəyyənləşməsinə imkan verəcək.
Trend xəbər verir ki, bunu bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədi Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, ali audit orqanları tərəfindən iqlim fəaliyyətinə töhfənin verilməsi istiqamətində ən vacib addımlardan biri INTOSAI-a hazırda sədrlik edən Braziliya Federal Hesablama Məhkəməsi, INTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsünün hazırlanmasıdır.
Sədr bildirib ki, “İqlim Skaneri” aləti vasitəsilə bu təşəbbüsə qoşulan 141 ölkənin Ali Audit Orqanı tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin, o cümlədən, milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrası vəziyyətinin qiymətləndirilməsi aparılır:
"Hazırkı tarixə çoxlu sayda AAO-lar, o cümlədən Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmənin nəticələri icmallaşdırılması üçün müvafiq sistemə daxil edilib".
Vüqar Gülməmmədov İqlim Skanerinin komponentlərinin və göstəricilərinin həm də gələcəkdə bu sahədə aparılacaq auditlər üçün vacib meyar kimi çıxış etməklə potensial audit mövzularının müəyyən olunmasına töhfə verəcəyinə inandığını bildirib.
“Sədr sonda Azərbaycan Respublikası Hesablama Palatasının beynəlxalq cəmiyyətdə, o cümlədən, AAO cəmiyyətində ətraf mühit üzrə təşəbbüsləri aktiv şəkildə dəstəklədiyini söyləyib və müvafiq tədbirin iqlimlə bağlı məsələlərin gündəmdə qalmasına və bu sahədəki problemlərin həllində audit institunun rolununun artırılmasına xidmət edəcəyindən bəhs edib”, - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.