Bakı. Trend:
Yeni Kollektiv Kəmiyyət Hədəfi COP29-un əsas gözlənilən nəticəsidir.
Trend xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso COP29 çərçivəsində keçirilən “Transformativ iqlim fəaliyyəti: diqqətin maliyyə axınlarından Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə çevrilməsi” mövzusunda dəyirmi masada bildirib.
“Beynəlxalq Maliyyə İnstitutları (BMİ) maliyyələşdirmə, texniki yardım, qrant səfərbərliyi və digər mənbələrdən güzəştli maliyyələşdirmə yolu ilə çalışdıqları ölkələrə maksimum dəstək verir. Bu çərçivədə qeyd etmək istəyirəm ki, təsirimizi qiymətləndirmək və artırmaq üçün əsas göstəriciləri müəyyənləşdirmək üzrə fəal işləyirik. Bu işin bir hissəsi olaraq, ölkələr və layihələr səviyyəsində bir sıra göstəriciləri özündə cəmləşdirən iqlim nəticələrini ölçmək üçün ümumi yanaşmamızı dərc edirik.
Gələcəyə baxaraq, təcrübəmizi iqlimə investisiyaları artırmaq, davamlı və maddi nəticələri gücləndirmək, transformasiya dəyişikliyini təşviq edən layihələr və ölkələr səviyyəsində platformalar yaratmaq və tətbiq etmək, işçi qüvvəsinin bacarıqlarını artırmaq və həssas icmalara dəstək vermək üçün istifadə etməyə çalışırıq”, - o qeyd edib.
Odil Reno-Bassoya görə, bank, eyni zamanda, innovativ maliyyə alətlərini genişləndirir və daha çox kapital cəlb etmək üçün siyasi yanaşmaları təkmilləşdirir.
"Xanımlar və cənablar, iqlim maliyyəsi ilə bağlı geniş miqyaslı vəzifələrimiz var. Əsas gözlənilən nəticə Yeni Kollektiv Kəmiyyət Hədəfi — NCQG-dir. Biz bütün tərəfləri NCQG ilə bağlı iddialı və güclü razılığa gəlməyə çağırırıq. Bu məqsəd Beynəlxalq Maliyyə İnstitutlarının özəl kapitalı səfərbər edərək və ictimai təşəbbüslərin təsirini dəfələrlə artıraraq, daha çox iqlim maliyyəsi təmin edə və səmərəliliyini artıra bilməsi üçün vacibdir. Bu hədəfi gerçəkləşdirmək üçün daha da yaxından çalışaq", - o deyib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.