Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu, əsasən, makroiqtisadi və makromaliyyə sahələrində, məsələn, dövlət maliyyəsinin “yaşıl” idarə olunması və dövlət investisiyalarının “yaşıl” idarə olunması kimi islahatları dəstəkləyir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktor müavini Bo Li “Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“Dünya Bankındakı həmkarlarımızdan fərqli olaraq, biz konkret layihələrə kredit vermirik. Biz birbaşa dövlət büdcəsinə kreditlər verərək islahatları dəstəkləyirik. Əsasən, makroiqtisadi və makromaliyyə sahələrində islahatları dəstəkləyirik, məsələn, dövlət maliyyəsinin “yaşıl” idarə olunması və dövlət investisiyalarının “yaşıl” idarə olunması.
Bu, həmçinin “yaşıl” büdcə planlaşdırılmasını da əhatə edir. Bundan əlavə, maliyyə sektorunda “yaşıl” taksonomiya hazırlanmasını dəstəkləyirik və maliyyə sektorunda iqlim məlumatlarının və iqlim hesabatlılığının inkişafına kömək edirik. Bundan əlavə, iqlim fəaliyyətini təşviq etmək üçün institusional islahatları da dəstəkləyirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, BVF iqlim məlumatları və iqlim statistikası kimi infrastrukturun inkişafını da dəstəkləyir.
“Bütün bu islahatlar, fikrimizcə, özəl sektorun bu ölkələrə sərmayə qoyması üçün əlverişli şərait yaradır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.