Bakı.Trend:
Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən, ölkələrin 73%-i ilqim xərclərini işarələmir və ya yalnız daxili iqlim maliyyəsini izləmək üçün mexanizminlərə malikdir.
Bu isə öz növbəsində hökumətin birbaşa və dolayı iqlim xərclərinin izlənməsini zəiflədir.
Eyni zamanda, iqlim fəaliyyətinə cəlb olunan özəl sektorun investisiyaları üzrə də izlənmə mexanizmlərində çatışmazlıqlar mövcuddur. Həmçinin bir çox ölkədə bu istiqamətdə şəffaflıq yetərli deyil. Belə ki, 41% ölkədə bu istiqamətdə dərc olunan hesabatlara rast gəlinmir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.