...

"Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2024 12:37 (UTC +04:00)
"Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda tədbir keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkil etdiyi "Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib.

Trend xəbər verir ki, Zaur Mikayılov su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də, iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən danışıb.

Tədbirdə iştirak edən Albaniyanın baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın Energetika naziri cənab Sebastian Burduja və Dünya Bankının vitse prezidenti cənab Juergen Voegele COP29 tədbirinin Azərbaycanca təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd etməklə yanaşı, yaxın keçmişdə həyata keçirilmiş yaşıl enerji layihələri barədə ictimaiyyətə məlumat veriblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti