Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Marşal adaları heyətində iştirak edən, Fici adalarının Rutuma adasından olan Con Taukavedir.
Con Taukave Trend-ə bildirib ki, o, Sakit okean regionunun sakinlərinin səslərinin COP29-da eşidiləcəyinə və iqlim problemlərinin həlli üçün bizə maliyyə vəsaiti ayrılacağına ümid edir.
“Azərbaycan COP29-un sədri kimi tədbiri mükəmməl təşkil edib. Burada olduğum üçün çox minnətdaram, çox şey öyrənirəm, lakin eyni zamanda istəyirəm ki, səslərimiz eşidilsin və verilən vədlər yerinə yetirilsin.
Sakit okean regionunda iqlim layihələri üçün böyük maliyyələşdirmə perspektivi var. COP29 daha əvvəl qəbul edilmiş maliyyə öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini bildirmək üçün bir fürsətdir. Hazırda diqqətimizi həll etməyə çalışdığımız vacib məsələlərdən biri olan külək enerjisinin öyrənilməsinə və ya adaptasiyasına yönəltmişik.
Bilirsiniz ki, külək Sakit okeanda çox güclü enerji mənbəyidir. Biz yerli xalqların mədəniyyətini, burada əcdadlarımızın külək enerjisindən istifadə edərək, öz gəmiləri və kanoları ilə səyahət ənənələrini müasir elm ilə birləşdiririk.
Sakit okeanda “Curani” adlanan və əsasən külək enerjisindən istifadə edən, karbon emissiyalarını 80 faiz azaldan ilk yük gəmisi yaratdıq. Bu cür layihələr nəqliyyatın və iqlimin dayanıqlı inkişafı üçün bir katalizatordur”, – Con Taukave bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.