Bakı.Trend:
Hesablama Palatası qlobal çağırışlardan irəli gələn məsələləri xüsusi diqqətdə saxlayır.
Trend xəbər verir ki, bunu COP29 çərçivəsində “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
“İqlim Skanerinin ilkin qlobal nəticələri elan olunan il çərçivəsində və Bakıda keçirilən COP29-da açıqlanması ev sahibi kimi Azərbaycan Respublikası Hesablama Palatasının məsuliyyətini bir qədər də artırır.
İqlim dəyişikliyi dövrümüzün ən böyük qlobal problemlərindən
hesab olunur. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və
bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərin icrası
əhəmiyyətli maliyyə, o cümlədən dövlət vəsaitlərin ayrılmasını
tələb edir. Bu isə həmin vəsaitlərin məqsədyönlü istifadəsi,
həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların
iştirakını qaçılmaz edir. Təsadüfi deyil ki, hazırda iqlim
dəyişikliyinin yaratdığı risklərin fərqinə varan bir çox AAO üçün
iqlim fəaliyyəti bir nömrəli ekoloji audit mövzusudur.
Azərbaycan Respublikası Hesablama Palatası da fəaliyyətində qlobal çağırışlardan irəli gələn məsələləri xüsusi diqqətdə saxlayır. Son illərdə ətraf mühitlə bağlı məsələlər, o cümlədən iqlim fəaliyyətinin bəzi sahələri xüsusilə səmərəlilik auditlərimizlə əhatə olunub", - o bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə aparılan auditlər bu sahə üzrə bir sıra çağırışların olduğunu göstərir.
"Onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir. Hesab edirik ki, bunların əksəriyyəti bütün ölkələrin AAO-ları üçün aktualdır. Onlardan bəzilərini səsləndirmək istərdim:
✓ Yaşıl həllərin tətbiqinin bəzi hallarda ənənəvi standartlara
uyğun gəlməməsi və milli qanunvericikdə dəyişikliklərin tələb
olunması;
✓ iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim
edilməsində problemlər, habelə etibarlı məlumatlara çıxışda
çətinliklər;
✓ iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının
çox olmaması;
✓ yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında
fərqlərin müşahidə edilməsi;
✓ iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olması,
həmçinin auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqların
formalaşmasına ehtiyac;
✓ iqlim auditinin miqyasının, habelə bu auditlərdə əhəmiyyətliliyin
müəyyən edilməsində çətinliklər;
✓ audit proseslərinə qlobal çərçivələrin, xüsusilə Dayanıqlı
İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı
auditlərin sayının artımı üçün zərurət və s.”
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.