Bakı. Trend:
İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün mühüm riskə çevrilib.
Trend xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktor müavini Bo Li “Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“BVF-dəki vəzifəmiz qlobal makroiqtisadi və maliyyə sabitliyini dəstəkləməkdir. İqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyi üçün əhəmiyyətli risk yaradıb. Bu, həm də “yaşıl” inkişaf və “yaşıl” iş yerlərinin yaradılması üçün imkanlar açır. Məhz buna görə üç il əvvəl BVF-nin İdarə Heyəti Fondun iqlim strategiyasını təsdiqlədi. Bu strategiya çərçivəsində biz kredit alətlərimizdə iqlim amillərini nəzərə almağa çalışırıq.
İki il əvvəl davamlılıq və sabitlik Fondu (RST) yaratdıq ki, bu da iqlim dəyişikliyi kimi uzunmüddətli problemlərin həllində üzv ölkələrə dəstək vermək üçün nəzərdə tutulmuş ilk uzunmüddətli kredit aləti oldu.
Son iki ildə bu yeni RST aləti ilə 20 ölkəyə maliyyə dəstəyi təsdiqlədik və bu fond üçün 48 milyard dollar cəlb etdik ki, xüsusilə aşağı gəlirli ölkələri və orta gəlirli həssas ölkələri iqlim problemləri ilə mübarizədə dəstəkləyək”, – deyə o bildirib.
Onun sözlərinə görə, BVF RST ölkələrində əlaqələndirici rol oynayır.
“Biz Dünya Bankı, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı kimi tərəfdaşlarımızı bir araya gətirməyə çalışırıq və iqlim maliyyələşdirilməsi ilə bağlı birgə dəyirmi masalar keçiririk. Bu, iqlim tədbirlərini, iqlim maliyyələşdirilməsini və iqlim investisiyalarına özəl kapitalın cəlb edilməsini necə birgə dəstəkləyə biləcəyimizi müzakirə etməyə imkan verir.
Hazırda RST ölkələrində iqlim maliyyələşdirilməsi ilə bağlı 10 dəyirmi masa keçirmişik. Partnyorlarımızla birlikdə çalışaraq güclü tərəflərimizi birləşdirə və resurslarımızı özəl sektorla birgə səfərbər edərək bu ölkələrdə investisiyalar üçün cəlbedici şərait yarada biləcəyimizi gördük”, – deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.