Bakı. Trend:
İsveçin noyabrda Braziliyada keçiriləcək COP30 iqlim sammitinə hökumət üzvlərindən heç birini göndərməyəcəyi məlum olduqdan sonra keçmiş xarici işlər naziri Marqot Vallström iqlim naziri Romina Purmuhtarini kəskin tənqid edib.
Trend xəbər verir ki, sammitdə İsveç nümayəndə heyətinə iqlim səfiri Mattias Frumeri rəhbərlik edəcək.
Marqot Vallström bu qərarı Purmuhtarinin fəaliyyətsiz nazirlik dövrünün “faciəvi sonu” kimi qiymətləndirib və bildirib ki, Stokholm bu cür mühüm beynəlxalq tədbirdə hökumət səviyyəsində təmsil olunmalı idi.
Hazırkı iqlim naziri Romina Purmuhtari isə hamilə olduğunu, Zika virusuna yoluxma riskinə görə səfər edə bilməyəcəyini və Ümumdünya Səhiyyə Təşkilatı ilə həkimlərin tövsiyələrinə əməl etdiyini açıqlayıb.
Liberallar Partiyasının lideri Simona Mohamsson Purmuhtarini müdafiə edərək, nazirlərin ailə həyatını dövlət xidməti ilə birləşdirmək hüququna malik olduğunu vurğulayıb. Lakin Vallström hesab edir ki, Purmuhtari səfəri hökumətin başqa bir üzvünə həvalə etməli idi.
                            