Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin ən böyük müstəqil enerji şirkətlərindən biri olan və ümumi gücü 4,2 QVt olan “Enerjisa Enerji Üretim A.Ş.” şirkətinə 200 milyon ABŞ dollarınadək məbləğdə kredit təqdim edir.
Bu barədə Trend AYİB-ə istinadən xəbər verir.
Qeyd olunur ki, səkkiz il müddətinə veriləcək kredit YEKA-2 külək enerjisi layihəsinin ikinci mərhələsinin işlənməsi və tikintisinə yönəldiləcək. Layihəyə “Gaia”, “Falp” və “Arturna” külək elektrik stansiyaları daxildir.
“Müəssisələrin ümumi quraşdırılmış gücü 250 MVt-a qədər, illik enerji istehsalı isə təxminən 630 QVt/saat təmiz elektrik enerjisi olacaq. Bu isə ildə təxminən 220,000 ton CO₂ emissiyasının azaldılmasına imkan verəcək.
Layihənin ümumi dəyəri 399 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Təşəbbüs AYİB-in “yaşıl” və inklüziv inkişafın təşviqi prioritetlərinə tam uyğundur.
“Yaşıl” komponent çərçivəsində layihə iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına, bərpa olunan enerji istehsalının payının artırılması vasitəsilə töhfə verir. İnklüziv istiqamət üzrə isə "Enerjisa" yerli əmək bazarının tələblərinə cavab vermək üçün iki yerli mərkəz - Peşəkar ixtisas və sertifikatlaşdırma mərkəzi (VQCC), həmçinin kənd təsərrüfatı, heyvandarlıq və turizmin inkişafını dəstəkləyəcək sosial müəssisə təsis edəcək”, - məlumatda bildirilir.
Məlumata görə, bu layihə həmçinin Türkiyədə kömür enerjisindən ədalətli imtina prosesinin bir hissəsi olacaq, yeni iqtisadi imkanlar yaradacaq və qadınların enerji sektorundakı iştirakını təşviq edəcək.
                            