Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Monteneqro Radio və Televiziyasının (RTCG) Ekologiya xəbərlər otağının baş redaktoru Daniyel Qaricdir.
O, Trend-ə açıqlamasında bildirib ki, hazırda təbii fəlakətlərdən qorunmaq üçün gündəlik bir milyard dollara ehtiyac var.
Daniyel Qaric deyib ki, bu məbləğ hər gün daha da artır.
O, əvvəllər də bir neçə COP tədbirlərində iştirak etdiyini və COP29-un qatıldığı ən yaxşı təşkil olunmuş konfrans olduğunu bildirib:
"Bu, iştirak etdiyim 4-cü COP-dur. Sizə deməliyəm ki, bu, qatıldığım ən yaxşı təşkil olunmuş konfransdır. Burada bütün şəhər COP-a həsr olunub. Bakının hər bir yerində COP29-la bağlı xüsusi hazırlanmış işləri görə bilərsiniz. Xüsusilə də COP könüllüləri çox mehribandırlar. Burada bizə lazım olan hər şey var. Buna görə də Azərbaycanı və Bakını təbrik etməliyəm.
Mesajım iqlim dəyişiklikləri təhlükəsini tanımaqdır. Bu, bəşər sivilizasiyası üçün ən böyük və ən qorxulu təhlükədir. Təəsüflər olsun ki, bəzi dünya liderləri bunu başa düşmək istəmir. Hazırda qlobal miqyasda cəmi bir oyunçu var, o da Avropa Birliyidir.
Avropa Birliyinin aydın dekarbonizasiya və çox yüksək səviyyəli iqlim siyasəti var. Digər oyunçularla bağlı belə deməzdim. Hesab edirəm ki, ABŞ-nin yeni prezidenti Donald Tramp hər şeyi dəyişəcək. O, bəlkə də, bəşər sivilizasiyası üçün daha bir böyük təhlükə olan Paris Sazişini pozacaq. Bütün dünyada artıq daha çox daşqınlar, susuzluqlar və sunamiləri görürük. İqlim böhranı artıq qapımızdadır və əgər lazımi addımlar atılmazsa, getdikcə vəziyyət daha da pisləşəcək".
"Beləliklə, hazırda təbii fəlakətlərdən qorunmaq üçün gündəlik bir milyard dollara ehtiyacımız var. Bu məbləğ hər gün daha da artır.
Planetin cənubundakı kasıb ölkələrin o qədər problemi var ki, şimal yarımkürəsi bu problemləri anlamır. Sadəcə daha çox pul, neft və qaz istəyirlər. Bu isə cənubdakıların həyatını məhv edir. İtirəcək vaxt yoxdur. Düşünürəm ki, bu, dünən ümumi sektorun dediyi kimi, sərmayə olan bir xeyriyyəçilik deyil. Bu, onların edə biləcəyi bir şey deyil, etməli olduqları bir şeydir", - deyə baş redaktor vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.