Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yeni il tətilində sərnişinlərin təhlükəsiz, vaxtında və rahat səyahətinin təmin edilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Trend xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Qeyd edilib ki, qeyri-iş günlərində ADY qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 885 nəfər sərnişinə xidmət göstərib.
"Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub və 2239 nəfər sərnişin mənzil başına çatdırılıb.
Həmçinin, gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunması məqsədilə hər iki istiqamətdə ümumilikdə 14 əlavə reys təyin olunub və bayram günlərində müvafiq marşrutla 10 416 nəfər sərnişin daşınıb.
Bundan başqa, ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Bu istiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 faizdən çox olması həmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. 3, 4 və 5 yanvar tarixlərində bu marşrut üzrə 578 nəfər sərnişinə xidmət göstərilib.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə rayonlararası istiqamətlər üzrə xidmət göstərilən 13 233 nəfər sərnişindən 5686 nəfəri əlavə təyin edilmiş 22 reyslə daşınıb.
Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişin daşınmışdı. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib. 2023-cü ildə bu göstərici 30 min idi", - QSC-dən bildirilib.