Bakı. Trend:
İndiyədək 188 mikro və kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsi almaqla vergi güzəştlərindən faydalanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.
“Startap” şəhadətnamələri "Sampler" MMC-nin şirkətlər üçün ödənişsiz məhsul nümunələrinin potensial alıcılara çatdırmaq üçün onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin tibb müəssisələrinin işinin ekoloji standartlara uyğun təşkili və idarə edilməsi üçün proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın əl baqajlarının saxlanılması üçün özünəxidmət köşkləri, "Vita Travel" MMC-nin sanatoriya və sağlamlıq otellərinin rezervasiyası üçün onlayn platforma, "Suber" MMC-nin içməli su sifarişi üçün mobil tətbiq, "Buylink" MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi