Bakı. Trend:
Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” dağ-xizək kurortundakı hoteldə baş verən yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Yanğında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır", - o bildirib.
Eyni zamanda, Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə bildirilib ki, yanğınla əlaqədar Azərbaycan vətəndaşlarından səfirliyə müraciət daxil olmayıb.
Xatırladaq ki, “Kartalkaya” dağ-xizək kurortunda yerləşən hoteldə güclü yanğın baş verib.
Yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.