Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında təklif edib ki, Azərbaycanda doktorantura təhsilinin səviyyəsi birə endirilməlidir. Onun fikrincə, bu qanunun qəbul edilməsi təhsilimizin inkişafına öz töhfəsini verəcək.
Bu yerdə insanlar üçün qanunun məğzi olduqca maraqlıdır. Doktorantura təhsilinin səviyyəsinin birə endirilməsi nədir? Bu qanun qəbul edilərsə, gələcək təhsil üçün nə vəd edəcək?
Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, burada söhbət doktorantura təhsilinin dünyanın bir çox ölkəsində olduğu kimi, sadəcə bir mərhələli olmağından gedir.
“Məlumdur ki, Azərbaycanda fəlsəfə doktoru, elmlər doktoru kimi mərhələlər var. Yəni, köhnə adla desək, doktorantura, aspirantura var. Bunu dəyişdirməyi tövsiyə edirlər. Bu dəyişiklik xüsusilə qeyd etmək istəyirəm ki, gecikmiş bir dəyişiklikdir.
Çünki illərdir bu məsələ müzakirə olunur, ancaq bizə məlum olmayan, vətəndaşlara məlum olmayan səbəblərə görə həmişə yubanır. Dünyanın bir çox ölkəsində isə doktorantura təhsili bir mərhələli olaraq illərdir davam edir. Azərbaycanda doktorantura təhsili almaq bəlkə də dünyanın bir çox ölkəsində doktorantura təhsili almaqdan daha çətindir. Yəni bu, elmi cəhətdən daha çətin yox, prosedur cəhətdən daha çətindir. Azərbaycanda daha çox mərhələlər var. Prosedurlar, addımlar, fazalar var. Bu fazaların bir çoxuna gərək yoxdur”, - o əlavə edib.
O qeyd edib ki, doktorantura təhsili universitetin verdiyi təhsildir və universitetin qurduğu heyət tərəfindən doktorantura təhsili verilir.
"Nəticədə tələbə fəlsəfə doktoru elmi ünvanı alır. Bizdə isə məlumdur ki, universitetlər burada vasitəçi qurum kimi fəaliyyət göstərir. Ali Attestasiya Komissiyası doktorantura diplomunun verilməsini öz əlində saxlayır.
"Beləcə, bir mənada monopoliya yaranır. Düşünülür ki, bu monopoliya, yəni bu tək əldə saxlama keyfiyyəti qoruyur. Çünki zənn edilir ki, universitetlərə bu iş tamamilə verilsə, universitetlər bunu sui-istifadə edər. Əlbəttə ki, bu mənada baxdıqda iki qurum, yəni universitet deyir ki, bu iş mənə təhvil verilsin, mən özüm bu işi icra edim. Ali Attestasiya Komissiyası deyir ki, yox, universitetə versək, bu işin keyfiyyəti düşər, ona görə də mənim əlimdə qalmalıdır. Belə müxtəlif fazalar olmalıdır. Yəni bu əslində, mənafelərin toqquşmasıdır. Əslində qarşılıqlı etibar, güvən, keyfiyyət olsa, keyfiyyətə nəzarət olsa, monitorinq olsa, əlbəttə ki, hər iki qurum bir-birinə etibar edəcək və etibarı da doğruladacaq. Yekunda isə nəticədə yaxşı, keyfiyyətli kadrlar, fəlsəfə doktorları ortaya çıxacaq”,- deyə o əlavə edib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Trend-ə bildirib ki, deputat Ceyhun Məmmədovun bu gün Milli Məclisdə doktorantura təhsili ilə bağlı səsləndirdiyi fikirlər doğru yanaşmadır.
"Biz xarici təcrübəyə baxanda, Avropa təcrübəsi ilə yanaşanda görürük ki, Azərbaycanda doktorantura pilləsi onlardan fərqli olaraq iki pilləlidir. Yəni, fəlsəfə və elmlər doktoru pilləsindən ibarətdir.
Beləliklə, bir insan doktoratura təhsili alır, fəlsəfə doktoru üzrə müdafiə edir, fəlsəfə doktoru elmi dərəcəsi alır, ikinci dəfə təzədən elmlər doktoru proqramı üzrə təhsil alır və elmlər doktoru olur. Düşünürəm ki, bu dəyişiklik həm də bu sahədə müəyyən yeniliklərin tətbiqinə gətirib çıxaracaq. Elmi təsir üçün həqiqətən faydalı ola bilər.
Yəni, bir insan neçə dəfə gedib doktorantura oxumalıdır? Və yaxud bir insan neçə dəfə elmi işini müdafiə etməlidir?
Hətta qonşu Türkiyə təcrübəsində belə bir dəfə müdafiə edirlər. İnsan bir dəfə müdafiə edir və daha sonra o elmi yaradıcılığını davam etdirir. Yəni, iki dəfə müdafiə etmək özü nə qədər ağır bir prosesdir. Amma bu o demək deyil biz işləri yüngülləşdirəcəyik.
Hesab edirəm ki, biz bürokratik məsələləri yüngüləşdirəcəyik. Amma aktiv elmi fəaliyyətlə məşğul olan şəxs təbii ki, öz tədqiqatlarını davam etdirəcək, öz elmi məqələlərini yazacaq. Tədqiqatlarının nəticələri olaraq elmi yeniliklərlə bağlı beynəlxalq elmi jurnallarda, yerli elmi nəşrlərdə çap olunacaq. Və yaxud adi təhsil müəssisəsində, elmi tədqiqat müəssisələrində çalışacaq və s.
Yəni, bütünlükdə doktoranturanın bir mərhələli olması, bir pilləli doktorantura sisteminə keçid bu sahədə olan vacib dəyişikliklərdən biridir. Zamanında bu təkliflə mən də çıxış etmişəm. Bu gün də fikirləşirəm ki, biz elmi fəaliyyət üçün o üfüqləri açmalıyıq, elmi mühiti sağlamlaşdırmalıyıq. Biz bürokratik əngəllər yaratmalı deyilik. O sağlam mühit formalaşacaqsa, eyni zamanda yanaşma doğru olacaqsa, bu elm adamlarının fəaliyyətində müsbətə doğru dəyişikliklərin yer almasına gətirib çıxalacaq",- deyə o əlavə edib.