Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri arasında məhsuldar görüş keçirilib.
Görüşdə AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, TKTA-nın Təlim və metodologiya şöbəsinin rəhbəri Elçin Cəfərov və hər iki qurumun nümayəndələri iştirak ediblər. Görüşün məqsədi tədris prosesinin keyfiyyətinin artırılması, akademik məsləhətçilərin müasir tələblərə uyğun təlimatlandırılması və onların TKTA tərəfindən sertifikatlaşdırılması məsələlərinin müzakirəsi olub.
Tədris işləri üzrə prorektor Akif Qasımov tyutor xidmətinin universitetin tədris prosesindəki əhəmiyyətini vurğulayıb və bu xidmətin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi təlimlərin təşkilinin vacibliyini qeyd edib. O bildirib ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər tədrisin effektivliyinə müsbət təsir edəcək.
TKTA-nın Təlim və metodologiya şöbəsinin rəhbəri Elçin Cəfərov
AzMİU-nun bu təşəbbüsünü yüksək qiymətləndirərək bu təcrübənin
digər ali təhsil müəssisələri üçün də nümunə ola biləcəyinə ümid
etdiyini bildirib. O əlavə edib ki, AzMİU ilə birgə həyata
keçiriləcək təlimlər universitetlərdə tələbəyönümlü təhsil və
kredit transfer sisteminin inkişaf etdirilməsinə töhfə verəcək.
Sonda təhsil qanunvericiliyi, tələbəyönümlü təhsil yanaşmaları və
kredit transfer sistemi ilə bağlı təlimlərin başlanmasına dair
qərar qəbul edilib. Bu əməkdaşlığın gələcəkdə tədris keyfiyyətinin
artırılmasına geniş imkanlar yaradacağı vurğulanıb.