Bakı. Trend:
Ötən il İcbari Tibbi Sığorta ilə aparılan xoşxassəli beyin şişinin çıxarılması əməliyyatının sayı məlum olub.
Trend-in məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bildirilib ki, ötən il ərzində Xidmətlər Zərfi çərçivəsində450-dən çox xoşxassəli beyin şişinin çıxarılması əməliyyatıicra olunub.
Qeyd edilib ki, xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır.
"Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yenitörəmələrdir. Bu şişlər xoşxassəli və bədxassəli olmaqla müxtəlif xüsusiyyətlərə malik ola bilər.
Xoşxassəli şişlər ləng inkişaf edir və orqanizmin digər hissələrinə yayılmırlar (metastaz vermirlər). Lakin ətraf toxumalara təzyiq göstərərək nəticədə nevroloji və şişin yerləşməsinə aid simptomlar əmələ gətirir və müəyyən ölçülərə çatdıqda həyati təhlükə yaratmağa başlayırlar. Beyin şişləri baş ağrısı, nitqin pozulması, yaddaş itkisi, görmə və eşitmə problemləri, başgicəllənmə, əl və ayaqlarda keyimə, hərəkətin çətinləşməsi, ürəkbulanma və ya qusma kimi simptomlarla müşahidə olunurlar.
Xəstəliyin diaqnostika və müalicəsi nevropatoloq və neyrocərrah tərəfindən aparılır. Pasiyentin şikayətlərinə əsasən həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Beyin şişlərinin aşkarlanması və müalicəsi üçün lazım olan ixtisaslı həkim müayinəsi, MRT, kontrastlı MRT, KT, ExoEQ, EEQ, laborator analizlər, digər müayinələr və cərrahi əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.
Əsas müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. İcra edilən cərrahi əməliyyat, stasionarda yatış zaman istifadə edilən dərman, tibbi sərf və anesteziya, qidalanma, biopsiya və patohistoloji müayinələr icbari tibbi sığorta təminatına daxildir.
İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.
Məlumat üçün bildirək ki, beyin və digər lokalizasiyalı şişlərin inkişafı radiasiya, müxtəlif toksiki maddələrin təsiri, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, genetik faktorlar, immun sistemin zəifləməsi və s. ilə əlaqələndirilir. Beyin şişlərinin xüsusi profilaktik tədbirləri olmasa da, erkən diaqnoz xəstələrin sağalma şansını yüksəldir. Bu səbəbdən şübhəli simptomlar müşahidə olunarsa, vaxtında həkimə müraciət etmək çox vacibdir",- deyə məlumatda qeyd edilib.