Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti 08 noyabr 2024-cü il tarixdə iş icazəsinin elektron qaydada verilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə qanunvericilik aktlarını imzalayıb.
Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələri Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli vəzifəli şəxsinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək elektron üsulla veriləcək.
Qanun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə dövlət rüsumu ödənilmədən işəgötürənin həmin icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunacaqdır.
Xatırladaq ki, işəgötürənlər işə cəlb etmək istədikləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almaq məqsədilə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.
Dövlət Miqrasiya Xidməti tərəfindən bu gündən etibarən müraciət edən işəgötürənlərə iş icazələri müraciət formasından asılı olmayaraq yalnız elektron qaydada təqdim ediləcək.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.