Bakı. Trend:
Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası həyata keçiriləcəkdir.
Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, eyni zamanda digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır.
"Bu sahədə çalışan şəxslərin peşəkar vərdişlərinin müəyyən edilməsi, qiymətləndirilməsi məqsədi daşıyır. Təbii ki, son dövrlərdə mədəniyyət sahəsində ciddi islahatlar həyata keçirilir. Düşünürəm ki, bu sahədə ən vacib məsələlərdən biri məhz kadr islahatlarıdır. Kadr islahatları istiqamətində vacib əlamətlərdən biri mədəniyyət sahəsində idarəçilərin ön plana çəkilməsi, xüsusilə də idarəetmə sahəsində olan boşluqların aradan qaldırılması üçün müvafiq peşəkar kadrların hazırlanaraq vəzifələrə gətirilməsi əsas amillərdən biridir. Eyni zamanda, ən vacib sahələrimizdən biri, xüsusilə də pedaqoji sahədə və mədəniyyət sahəsində bizim sistemdə nəzərdə tutulmuş musiqi məktəbləri, incəsənət məktəblərində, təhsilin keyfiyyətinin yüksəldilməsidir. Çünki məhz incəsənətin ən vacib təhsilinin ilkin pilləsi məhz həmin məktəblərdən başlayır. Ona görə də orada təhsil verənlərin keyfiyyətinin artırılması və xüsusilə də onların peşəkar vərdişlərinin inkişaf etdirilməsi üçün bizim əsas prioritet istiqamətlərdən biridir", - o əlavə edib.
Nazir qeyd edib ki, ümumiyyətlə, mədəniyyət sahəsində təhsilin əsas istiqaməti kimi musiqi təhsilinə bizim sahədə xüsusilə diqqət yetirilir.
"Ona görə bu alətlərdən biri kimi artıq bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası həyata keçiriləcəkdir. Eyni zamanda digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır. Xüsusilə bu sahədə mövcud olan potensialın diaqnostikası üçün və bu sahədə çalışan şəxslərin peşəkar vərdişlərinin müəyyən edilməsi, qiymətləndirilməsi məqsədi daşıyır. Eyni zamanda, dövlət tərəfindən təmin edilmiş təqaüd proqramları çərçivəsində artıq iki il ərzində 20-dən çox tələbənin xarici ölkələrdə Mədəniyyət Nazirliyi xətti ilə müxtəlif ixtisaslar üzrə təhsil alması proqramı artıq reallaşdırılmışdır. Bu, müxtəlif xarici ölkələrin müxtəlif nüfuzlu universitetlərində, incəsənətin müxtəlif sahələri üzrə və xüsusilə də mədəniyyət və incəsənət menecmenti sahəsində həyata keçirilən bizim ən vacib istiqamətlərdən biri kimi menecment ixtisaslı kadrların formalaşdırılmasıdır ki, məhz təqaüd proqramından yararlanmışdır. Düşünürük ki, bütün bunlar sistemli həyata keçirilən kadr islahatları gələcəkdə bütövlükdə bu sahənin inkişafına ciddi töhfə verəcək", - o vurğulayıb.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.