Bakı. Trend:
Hər hansı bir vətəndaş mətbəxdə diş çəkdirirsə, ona Səhiyyə Nazirliyi cavabdeh ola bilməz.
Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
"Rəsmi olaraq hər hansı bir stomatoloji fəaliyyətlə və yaxud hər hansl qüsurlu məsələ ilə bağlı müraciət olunursa, Səhiyyə Nazirliyi dərhal bu məsələni araşdırır, həmin müəssisələrdə yoxlama təşkil edilir və nəticələri dərc olunur.
Son dönəmdə stomatoloji fəaliyyətlə bağlı şikayətlər daxil olub. Qeyri-qanuni yolla bu fəaliyyətlə məşğul olanlar təbii ki, cərimələnir. Bu istiqamətdə Analitik-Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Hər hansı bir vətəndaş mətbəxdə diş çəkdirirsə, ona Səhiyyə Nazirliyi cavabdeh ola bilməz", - o bildirib.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.