...

Ölkəyə giriş-çıxışına qadağa qoyulan şəxslərə bu barədə bildiriş göndərilməlidir

Cəmiyyət Materials 3 Mart 2025 10:02 (UTC +04:00)
Ölkəyə giriş-çıxışına qadağa qoyulan şəxslərə bu barədə bildiriş göndərilməlidir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisindən çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına dair Ombudsmanın ünvanına daxil olmuş bir sıra müraciətlərlə bağlı aidiyyəti üzrə sorğular göndərilib, pozulmuş hüquqların bərpası istiqamətində zəruri tədbirlər görülüb.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, şikayətlərin təhlili onu göstərir ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur ki, bu da həmin şəxs üçün vaxt və vəsait itkisinə, habelə digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

“Qeyd edilənləri nəzərə alaraq, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilərkən həmin şəxslərə bu barədə bildirişin dərhal göndərilməsinə dair imperativ tələbin qanunvericiliklə təsbit olunması zəruridir”, - məruzədə qeyd edilib.

Sənəddə həmçinin vurğulanıb ki, Suriyada döyüşən silahlı dəstələrin girovluğunda olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması və hüquqlarının müdafiəsi məsələləri əvvəlki illərdə olduğu kimi Ombudsmanın diqqətində olub:

“Son illərdə bir sıra şəxslər Ombudsmana müraciətlər edərək Suriyanın ərazisində yerləşən düşərgələrdə girovluqda saxlanılan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər. Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı Ombudsman dəfələrlə həmin ərizəçiləri qəbul edib, müraciətlərini dinləyib.

Qeyd olunan məsələ ilə bağlı Ombudsman aidiyyəti dövlət orqanları ilə əməkdaşlığı davam etdirib, vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində tədbirlərin görülməsi üzrə təkliflər verilib.

Həmin fəaliyyət çərçivəsində il ərzində bir sıra Azərbaycan vətəndaşlarının Suriyadan ölkəmizə repatriasiyası həyata keçirilib. Həmin repatriantlarla görüşlər keçirilib, onların yerləşdirildikləri müəssisədə həyata keçirilmiş reabilitasiya tədbirləri barədə məlumatlar əldə edilib, hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb. Görüşlər zamanı onların ümumi və psixoloji durumu qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, repatriantlara Ombudsmanın fəaliyyəti, ona müraciət imkanları barədə məlumat verilib.

Repatriantların hüquqlarının təmin olunmasına dair Ombudsmana ünvanlanan müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində uşaqlara doğum haqqında şəhadətnamələrin verilməsi, onların sosial yardımla təmin edilməsi, psixoloji dəstək xidmətlərinin göstərilməsi və digər bu kimi məsələlər təmin edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti