Bakı. Trend:
7 mart tarixində Bakı Biznes Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Konsertdə Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, onun vokal musiqi məktəbinin tələbələri görkəmli bəstəkarlarımız Tofiq Quliyevin, Fikrət Əmirovun dəyərli əsərlərini ifa ediblər. Universitetin bədii özfəaliyyət kollektivi isə rəqsləri və mahnıları ilə tədbirə xüsusi rəng qatıblar.
Tədbirdə Azərbaycanın zəngin musiqi irsi, yüksək səviyyəli əsərləri təbliğ olunmaqla bərabər gündəmdə olan bayağı musiqilərin mövcudluğuna da tənqidi yanaşmanı nümayiş etdirmək üçün kiçik səhnəcik də nümayiş etdirilib. Universitetin vəzifələrindən biri də məhz ali dəyərlərimizi təbliğ etməkdir. Konsertdə də məhz cəmiyyətin xoşagəlməz və həqiqətən qınanılmalı olan bəzi reallıqları önə çıxarılmış və müqayisə üçün təqdim olunmuşdur.
Təəssüf ki, Universitetlə dəqiqləşdirmə aparılmadan yayılmış kiçik bir fraqment isə cəmiyyətdə yanlış anlaşılmaya səbəb olmuşdur. Xüsusilə bəzi media nümayəndələri belə məsələlərə reaksiya verərkən peşəkar yanaşmır, obyektiklikdən və reallıqdan uzaqlaşaraq sadəcə reytinq yığmağa çalışırlar.
Yaxşı olardı ki, gözlərini yaxşı açaraq Universitetin öz sosial şəbəkə hesablarında paylaşılmış məlumatlarla tanış olsunlar (https://www.facebook.com/share/p/165jTo6wT8/?mibextid=wwXIfr), universiteti deyil, cəmiyyətdəki əsl qınaq obyekti olan məsələləri gündəmə gətirsinlər.
Bir daha qeyd edirik ki, Bakı Biznes Universiteti hər zaman öz milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan və bütün fəaliyyətlərində bunu yüksək səviyyədə təcəssüm etdirən ali təhsil müəssisəsidir.