Bakı. Trend:
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qızlararası şahmat turniri keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, turnirin məqsədi gənc şahmatçılar arasında intellektual bacarıqları inkişaf etdirmək və dostluq əlaqələrini gücləndirmək olub.
Yarışda GAİM, İnkişaf və Təhsil Mərkəzi, Saral İnkişaf və Təhsil Mərkəzi, Qaraçöp Parlaq Gələcək Tədris Mərkəzi (Saqareco), Marneuli bələdiyyəsi şahmat məktəbinin yetirmələri iştirak ediblər.
Parlaq Gələcək Tədris Mərkəzindən Nuray Hacıyeva birinci, Yetər Əliyeva üçüncü, GAİM-dən Zəhra Allahverdiyeva ikinci, Alina Yaqubova isə üçüncü yerə çıxıblar.
Sonda qaliblər medallarla mükafatlandırılıb, iştirakçılara isə diplomlar təqdim olunub.