...

Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib - Vüqar Rəhimzadə

Cəmiyyət Materials 13 Mart 2025 17:32 (UTC +04:00)
Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə  çevrilib - Vüqar Rəhimzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən nüfuzlu beynəlxalq platformaya çevrilib. Diqqət yetirsək görərik ki, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Buna əmin olmaq üçün təkcə tarixi Zəfərimizdən sonrakı dövrdə keçirilən forumların mövzularına diqqət yetirmək kifayətdir. Belə ki, 2021-ci ildə “COVID-19-dan sonrakı dünya” mövzusunda dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın qonağı canlı və onlayn qaydada bir araya gətirən VIII Qlobal Bakı Forumundan ötən dövrün çağırışları bu mötəbər tədbirlərin mövzularında özünün aydın ifadəsini tapır. “Qlobal dünya nizamına təhdidlər”, “Çağırışlar və ümidlər”, “Parçalaanmış dünyanın bərpası”, bu gün isə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Göründüyü kimi, beynəlxalq gündəlikdə duran əsas məsələlər birgə yolların müəyyənləşdirilməsinə, səylərin birləşdirilməsinə çağırışlar edir.

Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. 2019-cu ilin sonlarından başlayaraq dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda ölkəmizin atdığı addımlar bütün bunlara əyani sübutdur. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Ölkə Prezidentinin təşəbbüsü ilə öncə türk dünyasının birliyinə yönələn Türk Dövlətləri Təşkilatının, sonra dünya dövlətlərinin həmrəyliyinə nail olmaq üçün Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Azərbaycanın BMT Baş Assambleyasından sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrü də koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin aparıldığı, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etdi.

Dövlət başçısı İlham Əliyev martin 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik. COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik. Eyni zamanda, Avropadakı tərəfdaşlar ilə fəal əlaqələr saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından zəngin mənbədir. Qürurvericidir ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyası olduqca genişdir və hər sahədə Azərbaycanın təcrübəsinin təbliğinə geniş imkanlar yaradır. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında hazırkı dövrün əsas çağırışları sırasında yer alan iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın verdiyi töhfələrdən də bəhs etdi. Bildirdi ki, ötən ilin mühüm hadisəsi olan COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. “Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, - deyən dövlətimizin başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə də diqqət yönəldən dövlətimizin başçısı vurğuladı ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün Azərbaycan onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır.

Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik məkanı kimi diqqətdədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər. Bu, tədbirin əhəmiyyətinin, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan beş ildir forumlara qalib ölkə kimi ev sahibliyi edir. 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoyan Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycanın bütün dövrlər üçün aktuallığını qoruyan sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları bu gün də gündəlikdədir.

Dövlət başçısı İlham Əliyev Forumda “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Ölkə Prezidenti bu çağırışı səsləndirdi ki, biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Bu müqavilə Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyev Forumda dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən də bəhs etdi. Vurğuladı ki, biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. Bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik. 2005-ci ildən etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin, həmçinin Forum iştirakçılarının səsləndirdikləri çağrışlar fonunda belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm mərkəzinə çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Bu forumlar xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Bu Forumda qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti